AzTehsil.com
RU


Xəbərlər
11 fevral 2017
5 730


Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb



Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

 

Nazirlər Kabineti "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nı təsdiq edib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bu Qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu qaydasını müəyyən edir.
 
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.
 
1.6. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında,  digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (90 ballıq şkala üzrə topladıqları bala) əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Müsabiqədə  iştirak ödənişlidir. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və müvafiq düyməni basmaqla ərizəsini təsdiq etməlidirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında "Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər. 
 
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər "Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir.
 
Tam orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanı Mərkəz  tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanların məzmunu, forması, keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən  hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir. Cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili  fənnindən  də imtahan verməlidirlər.
 
Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə)  buraxılırlar. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.  İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından "məqbul” alan abituriyentlər göstərə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
 
Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
 
-  təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- riyaziyyat fənni üzrə imtahan balı;
-Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.
 
Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir. Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
 
 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından "məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.



Загрузка...