Regional Təhsil İdarəsi: "İmişlidə yeni məktəb binasının tikintisinə başlanılacaq"
Mil-Muğan Regional Təhsil İdarəsi sosial şəbəkələrdə paylaşılan qəzalı məktəblə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir:
"Sosial media səhifələrində İmişli rayonunun Kürdmahmudlu kənd tam orta məktəbinin binasının vəziyyəti ilə bağlı paylaşılan məlumatlara cavab olaraq bildiririk ki, məktəb binasının mövcud vəziyyəti barədə məlumatlıyıq və bu istiqamətdə müvafiq addımlar atılıb. Kürdmahmudlu kənd tam orta məktəbinin mövcud binasının sökülərək yerində yeni məktəb binasının tikintisi üçün layihə təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq".
Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində 250 ümumtəhsil, 89 məktəbəqədər və 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son iki ildə Regional Təhsil İdarəsinin tabeliyində olan 74 təhsil müəssisəsi təmir olunmuş, 12 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib.