Pis yaddaşdan əziyyət çəkirsinizsə və ya beyninizin qocalıdığını hiss edirsinizsə, sizə yaxşı xəbərimiz var.
Olubmu ki, var gücünüzlə kiminsə adını və ya bir hadisəni, yaxud bir yeri yada salmaq istəyəsiniz və alınmasın?
İdrakın mülahizə və cavablama kimi funksiyaları ilə yanaşı, yaddaşın da yaş artdıqca zəiflədiyi barədə fikirləri tez-tez eşidirik.
Amma bunun əlacı da var - beynimizi gücləndirməyin yolları mövcuddur.
Beyinin böyüməsi qidalanmadan asılıdır?
Çirkli hava "dərketmə qabiliyyətini zədələyir"
Əqli gücünüzü artırmaq istəyirinizsə, BBC-nin Daha Yaxşı Beyinə Necə Sahib Olmalı (How to Have a Better Brain) adlı seriyasının təqdim etdiyi bu məsləhət və ipuclarını yoxlamağa dəyər.
1. Fiziki hərəkət beyini böyüdür
Həqiqətən də belədir - hərəkət etdikdə beynimiz böyüyür.
Hərəkət sinapsları artırır, beyində daha çox əlaqənin yaranmasına səbəb olur və əlavə hüceyrələr əmələ gəlməsinə yardımçı olur.
Sağlam ürək-damar sisteminə sahib olmaq həm də beyini daha çox oksigen və qlükoza ilə təmin etmək və zərərli toksinləri çıxarmaq deməkdir.
Açıq havada idman etmək isə daha da faydalıdır - bu zaman daha çox vitamin D qəbul etmiş olursunuz.
İpucu: Fiziki hərəkəti yeni mühit kəşf etmək, işlərinizi görməyin və ya ideyalarınızı paylaşmağın yeni yolları ilə birləşdirdikdə, yeni sinir hüceyrələri düzgün halqa formalaşdıracaq.
Məsələn, əgər bağçılığı sevirsinizsə və elə bir yeriniz yoxdursa, kirayə torpaq götürə bilərsiniz. Bu zaman yer belləyə-belləyə yeni dostluqlar qura bilərsiniz.
Əsas odur ki, gördüyünüz istənilən işdən həzz alasınız.
2. Hərəkətdə ikən öyrənin
Bu üsul araşdırmalar nəticəsində gəlinən qənaətlə yanaşı, aktyorların da istifadə etdiyi bir vasitədir. Hansısa məlumatı yadda saxlamağa çalışarkən hərəkət etsəniz, istəyiniz uğurlu alınacaq.
İpucu: Təqdimatınız və ya nitqiniz varsa, yaxud gün ərzində görməli olduğunuz işləri yadda saxlamaq istəyirsinizsə, otaqda var-gəl etməyi, hətta rəqs etməyi sınamağa dəyər.
3. Beyninizi bəsləmək üçün düzgün qidalar qəbul edin
Qəbul etdiyimiz şəkər və enerjinin təxminən 20 faizi beynimizə gedərək, beyin fəaliyyətini qlükoza səviyyəsindən asılı edir.
Əgər şəkər səviyyəsinə nəzarət olunmazsa, çaşqınlıq hiss edərsiniz. Sevdiyiniz qidaları yeyən zaman beyinin mükafat hissəsində dopamin adlı kimyəvi maddə ifraz olunur ki, yedikcə həzz hissi bəxş edir.
Lakin beyin ilə yanaşı, bağırsağınızı da düzgün qidalarla təmin etməlisiniz.
İnsanın həzm sistemində yüz trilyondan çox mikrob yaşayır. Onlar bağırsaq vasitəsilə beyinlə birbaşa əlaqədə olurlar və buna görə də beyinin sağlamlığı üçün həmin mikrobların böyük əhəmiyyəti var.
Bağırsaq tez-tez "ikinci beyin" adlandırılır. Müxtəlif tərkibli və sağlam pəhriz mikrobları sinxron formada, beyini isə sağlam saxlayar.
İpucu: Beyin hüceyrələri piydən təşkil olduğu üçün pəhrizinizdən piyi çıxarmamaq vacibdir. Ləpə və toxumlar, avokado və balıq, rozmarin və sarıkökün tərkibindəki əsas yağ turşuları beyin üçün çox xeyirlidir.
Və çalışın yeməyi tək yeməyəsiniz - şən kompaniya içində qidalanmaq beyniniz üçün əhəmiyyətli olan sağlam pəhrizi, pozitiv faydalı edir.
4. Hər şeydən uzaqlaşın
İnsana fövqəladə vəziyyətdə reaksiya müddətini sürətli etmək üçün az da olsa stress təcrübəsi gərəkdir. Bu zaman, bizi enerjili edən və köklənmək qabiliyyətini artıran kortisol hormonu ifraz olunur.
Lakin uzunmüddətli narahatlıq və stress beyin üçün zəhərlidir.
Bu səbəbdən də aradabir hər şeydən uzaqlaşıb, beynin həmin hissəsi istirahətlə təmin etmək son dərəcə vacibdir. Və bu zaman əslində siz beyinin başqa bir hissəsini məşq etdirmiş olursunuz.
Beynimizdə ilkin vəziyyət şəbəkəsi adlı xüsusi şəbəkə var ki, bizi xəyala dalma ilə təmin edir və yaddaşı möhkəmləndirmək üçün çox vacib əhəmiyyət daşıyır.
Xarici dünyamızdan uzaqlaşaraq biz beyninin həmin hissəsinin aktivləşməsi və işini görməsi üçün şərait yaradırıq.
Növbəti dəfə iş vaxtı xəyala dalsanız, bunu mühüm serebral məşğələ kimi qəbul edin.
İpucu: Tez-tez xəyala dalırsınızsa, meditasiya və ya zehni istirahət kimi rahatlanma üsullarından istifadəni yoxlayın.
5. Özünüzü sınamaq üçün yeni yollar axtarın
Beyninizi gücləndirməyin açarı, onu yeni nə isə etməyə və ya öyrənməyə məcbur etməkdir.
Rəsm məşğələsi, yaxud yeni dil öyrənmək kimi fəaliyyətlər beyninizin elastikliyini artıracaq.
İpucu: Dostlarınız və ya ailənizə qarşı onlayn oyunlar oynayın.
Digərlərinə qarşı yarışmaq sizi çətinliyə salmaqla yanaşı, sosial münasibətləri də artıracaq.
6. Musiqisiz qalmayın
Sübutlar da göstərir ki, musiqi beyinə unikal bir formada təkan verir.
Musiqi dinləyən və ya ifa edən birinin beyninə baxsanız, bütün orqanın aktiv olduğunu görərsiniz.
Musiqi ümumi zəkanı artıra bilər və demensiya kimi xəstəliklər zamanı ən son itən adətən musiqi yaddaşı olur.
İpucu: Xora qoşulun, yaxud sevdiyiniz ifaçının konsertinə tamaşa edin.
Dini inancı ölümcül hala salan beyin şişi
İnsanın beyin həcminin böyük olması qida ilə izah edilib
Daha müdrik olmaq mümkündürmü?
7. İmtahana yatağınızda hazırlaşın
Gün ərzində yeni bir şey öyrəndiyiniz zaman beyninizdə bir sinir hüceyrəsi ilə digəri arasında əlaqə yaranır.
Yatarkən həmin əlaqə daha da güclənir və öyrəndiyiniz şey yaddaşa çevrilir.
Buna görə də yuxu yaddaşın yaranması üçün mühüm vasitədir.
Əgər kiməsə yatmamışdan qabaq yadda saxlaması üçün bir siyahı versəniz, həmin şəxs növbəti səhər siyahını daha yaxşı yadda saxlamış olacaq.
Səhər siyahı verib, axşam sual etsəniz isə vəziyyət fərqli olacaq.
İpucu: İmtahana hazırlaşan dövrdə cavabları yuxuya dalarkən təkrarlamağa çalışın.
Əgər travmatik bir hadisə və ya pis xatirəniz varsa, çalışın ki, yatan zaman yadınıza salmayasınız. Əks halda həmin yaddaş daha da güclənəcək və neqativ emosiyalar artacaq.
Məhz bu səbəbdən də yatmamışdan qabaq qorxu filmləri və ya qorxulu hekayələrdən yayının!
Əksinə, gün ərzində öyrəndiyiniz və ya başınıza gələn pozitiv şeyləri yada salın və onları gücləndirin.
8. Səhər yaxşı oyanın
Hamımız yuxunun əhəmiyyətini bilirik: beş saatdan az yuxu insanı keyləşdirdiyi kimi, 10 saatdan artıq yuxu da jet-lag təsiri yaradır.
Amma gün ərzində enerji dolu qalmaq üçün mühüm faktor yuxudan necə durmağımızdır.
Qaranlıq otaqda yatıb, tədricən artan işıqda ayılmaq ən ideal vasitədir.
Belə ki, işıq bağlı göz qapaqlarına sirayət etdikcə beyini hazırlayır və bizdə oyanma kortizol reaksiyasını artırır.
Oyanan zaman bədəndəki kortizol hormonun sayı beyinin gün ərzində fəaliyyətinə təsir göstərir.
İpucu: Günəşin doğmasını tədricən əks etdirmə funksiyasına malik saat alın. Lakin bərk yatanlar üçün bu saatın ənənəvi zəng səsi olması lazım gələ bilər.