Təhsil şöbəsinin müdiri həyətində pambıq əkilən məktəbdən danışdı – “Bunun nəyi pisdir ki?!”
"Orada pambıq da, yonca da əkilir. Bu, başqa məqsədlə əkilmir. Bunu əminliklə deyirəm”.
Bu sözləri AzEdu.az-a Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova I Şahsevən kənd orta məktəbinin həyətində pambıq becərilməsi iddiası haqda danışarkən deyib. O qeyd edib ki, ərazidə pambıq da, yonca da əkilir. Üstəlik bağ da var:
"Çünki məktəbin ərazisi böyükdür. Buradan gələn gəlir məktəbin abadlaşması, ağac əkimi, gül kollarının alınması üçün istifadə edirlər. Bu, başqa məqsədlə əkilmir. Bunu əminliklə deyirəm. Bunun nəyi pisdir?!
Həmin sahə isə məktəblə yaxın deyil. Məktəbin arxa hissəsindədir. Sadəcə, qonşuluqda bir-iki nəfər o məktəblə didişir. Deyirlər ki, bu yoncanın yarısını mənə verəcəksən”.
Təhsil Şöbəsinin müdiri bildirib ki, bura dövlət özü maliyyə ayırır. Dövlət də kombaynla biçir. Bu, məktəbin abadlığına xidmət edir:
"İki il əvvəl bu barədə mənə də müraciət olub. Gedib maraqlandım və gördüm ki, məktəbin arxasında xeyli boş qalan torpaq var. Məktəbin ora giriş-çıxışı yoxdur. Bu kiməsə xidmət etmir və bir qəpiyi kənara çıxa bilməz”.
Şagird və ya müəllimlərin əməyinin istismarı məsələsinə gəlincə isə bildirilib ki, məktəb daxilində bir nəfərə də pambıq yığımına get deyən olmayıb.
Qeyd edək ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu feysbuk hesabında yazıb. O bildirib ki, pambıq sahəsi Beyləqanın I Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir:
"Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlbi yolu ilə pambıqçılıqdan qazanır. Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar”.