Magistratura pilləsi tam ali ixtisas, elmi təhsil sayılır və bu dərəcəyə sahib olanlar ali təhsil müəssisələrində pedaqoji fəalliyyətlə yanaşı, ixtisası üzrə əmək fəalliyyəti ilə də məşğul ola bilər.
Magistratura təhsili bütün dünyada ümumi qazanılan bakalavr təhsilinin davamı olub, həm ixtisas, həm də elmi qabiliyyətlərin artırılması mərhələsi sayılır. Bu mərhələdə tələbələr, artıq ümumi nəzəriyyə yox, sırf ixtisası üzrə dərsləri öyrənərək özünü təkmilləşdirir və magistr dissertasiyası yazaraq, elmi fəaliyyətinin ilk mərhələsinə qədəm qoyur. Azərbaycan universitetləridə Bolonya sisteminə qoşulduğu üçün üç pilləli ali təhsil tətbiq edir. Buna əsasən, ali təhsil bakalavr, magistr və doktorantura pilləsini əhatə edir.
Lakin bəzi tələbələr narazılıq edirlər ki, magistratura pilləsindəki fənlər bakalavr fənlərinin təkrarıdır və magistratura mərhələsi onlara yeni bir şey vermir.
"Hesab edirəm ki, magistratura təhsili ilə bağlı ən böyük poblem bu mərhələyə yanaşma tərzindədir. Əksər gənc bu təhsili sadəcə bakalavr təhsilinin davamı kimi görür və bəzən hətta məcburi olaraq oxumalı olduğunu zənn edir. Halbuki magistratura təhsilinin təyinatı tamamilə fərqlidir”, - deyə Abdulkərim Sadıqov bildirir.
Abdulkərim Sadıqov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi nəzdində İqtisadiyyat və İdarəetmə kafedrasının müəllimidir.
Sadıqov magistratura təhsilinin təyinatı barədə AzEdu.az-a danışır:
"Magistratura təhsili daha çox ixtisasla bağlı pedaqoji və tədqiqat bacarıqlarının, eləcə də həmin sahədə idarəetmə qabiliyyətlərinin inkişafı üçündür. Yəni bakalavr təhsilini tamamlayan gənc təhsilini magistratura üzrə davam etdirmək istəyirsə, ən azından, bu üç istiqmətdən biri üzrə vizyon sahibi olmalıdır. Ya ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olmağı, ya bu istiqamətdə tədqiqatçı kimi fəaliyyət göstərməyi, ya da gələcəkdə həmin ixtisasla bağlı mikro və ya makro səviyyədə idarəedicilərdən biri olmağı qarşıya məqsəd qoymalıdır.
Təəssüf ki, tələbələr əksər hallarda məqsədləri olmadan magistratura təhsilinə başladıqları üçün əldə etdikləri nəticələr gözləntiləri ilə adekvat olmur. Bu problemlə üzləşməmək üçün bakalavrı bitirən gənclər təhsil və gələcək karyeraları ilə bağlı həm müəllimləri, həm də cəmiyyətdə ixtisasları üzrə kifayət qədər tanınan mütəxəssislərlə məsləhətləşsələr, onlar üçün faydalı olar”
Magistratura təhsilinin təşkili
"Bu təhsil pilləsində tədris proqramları və vəsaitlərinin, eləcə də pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemlərin olduğu inkar edilə bilməz…”
Pedaqoq qeyd edib ki, magistratura təhsili hər şeydən əvvəl dinamik yanaşma tələb edir. Onun fikrincə, magistratura təhsilinin təşkili ilə məşğul olan hər bir ali məktəb imkanları daxilində qeyd olunan problemləri həll etməyə çalışır:
"İxtisası üzrə yeniliklərə adaptasiyada çətinlik çəkən kadrlar və onlar tərəfindən hazırlanan dərs vəsaitlərinin müasir dövrün tələblərinə uyğun olmaması kimi problemlər bu və ya digər şəkildə, demək olar ki, bütün ixtisaslar üzrə mövcuddur. Bu problemlərin həllində müəllimlərin də üzərinə çox böyük öhdəlik düşür. Razılaşaq ki, qısa müddətdə bu məsələnin aradan qaldırılması o qədər asan deyil.
Bu istiqamətdə ən effektli həll yolu elə günün magistrantları arasından seçilən gənclərin bu problemlərin həlli üçün çalışmağa yönləndirilməsi məqsədəuyğundur.
Buna görə, magistrantlar qeyd olunan problemlərin həllini gözləmək məcburiyyətində qalmamaq üçün xarici dil biliklərini inkişaf etdirsələr, problemlərdən də sığortlanmış olardılar”.
Bəs İqtisadiyyat və idarəetmə kafedrasında magistratura ilə bağlı hansı problemlərdən söz açmaq olar?
A.Sadıqov özü deyir ki, ən böyük problemlərdən biri qəbul imtahanının ikinci mərhələsində ölçülən bilik və bacarıqların əhatəsi ilə bağlıdır:
QEYD: Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
"Mövcud qaydalara əsasən, ixtisas biliklərinin yoxlandığı ikinci mərhələdə tələbələr yalnız Mikroiqtisadiyyat, Makroiqtisadiyyat və Statistika fənləri üzrə imtahan verirlər. Bu da, bilikləri zəif olan tələbələrin də magistrant adını qazanmasına şərait yaradır. Fikrimcə, ixtisas biliklərinin yoxlanması məqsədi ilə təşkil olunan imtahanlarda qeyd etdiyim 3 fənlə yanaşı, hər bir ixtisas üzrə seçilmiş, birbaşa peşə hazırlığı ilə bağlı ən azı 3 fənnin də proqrama daxil edilməsi məqədəuyğun olardı”.