AzTehsil.com


Xəbərlər
29 mart 2017
4 365


Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb



Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

 

Bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə sənəd verənlərin sayı ötən illə müqayisədə xeyli azalıb. Aztehsil.com xəbər verir ki, Dövlət İmtahan  Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ilində magistraturaya 13073 nəfər ərizəsini təsdiq edib. Onlardan 11809-u Azərbaycan,1264-ü isə Rus bölməsinin məzunlarıdır. 2016/2017-ci tədris ili üçün isə  ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 24 110 bakalavr ərizə təqdim edib. Onlardan 21822 nəfəri Azərbaycan, 2543 nəfəri isə rus bölməsinin məzunları olub.
 
Bu il ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verən bakalavrların sayı ötən illə müqayisədə 10 min nəfərdən çox azdır.
 
Mərkəzdən bildirilib ki, əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ simvolik idi (2 manat) və buna görə də namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdilər: "Statistikaya baxsaq ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməyib. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olub. Onlardan da 432 nəfəri imtahana gəlməyib. Beləliklə, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak edib.
 
Qeyd olunanlara əsasən, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi. Qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olması normal haldır".
 
Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura pilləsinə də sənəd qəbulu başa çatıb. Bu pillə üzrə sənəd verənlərin sayında ötən illə müqayisədə nisbətən azalma qeydə alınıb. Belə ki, bu il rezidenturaya 1075 nəfər ərizə verib ki, onlardan da 923-ü Azərbaycan, 152-i Rus bölməsinin məzunlarıdır. 2016/2017-ci tədris ili üçün isə rezidenturaya qəbul olmaq üçün 1239 nəfər namizəd sənəd verib. Onlardan 1085-i Azərbaycan bölməsinin, 154-ü isə rus bölməsinin məzunudur. Nəticədə məlum olur ki, bu il rezidenturaya sənəd verən namizədlərin sayı ötən illə müqayisədə 200-ə yaxın azalıb.

Xatırladaq ki, 2017/2018-ci tədris ilindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanın I mərhələsində iştirak üçün 50, II mərhələsində iştirak üçün 60 manat pul ödəməlidir. Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizəd isə 60 manat, II mərhələdə iştirak üçünsə 100 manat pul ödəməli olacaq. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.



Загрузка...