5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Yenə 5 Oktyabr ərəfəsi....Yenə sosial şəbəkələr , ayrı-ayrı saytlar hansısa məktəblərdə, hansısa müəllimlərin pul toplanması ilə bağlı müxtəlif məlumatlar yayırlar.
5 Oktyabr Ümumdünya Müəllimlər günüdür. Müəllimlərin peşə bayramı günü ərəfəsində Azərbaycan müəlliminə qarşı qara piarın nəticəsidir ki, bir çox müəllimlər 5 Oktyabrda işə getmək belə istəmirlər. Hətta bəzi məktəb direktorları daha radikal addım ataraq məktəblərin qapılarını 5 Oktyabrda valideynlərin üzünə bağlayırlar. Əllərində çiçək tutmuş şagirdləri danlamağdan belə çəkinmirlər. Çox təəssüfedici və utandırıcı vəziyyətdir. Mən demirəm ayrı-ayrı məktəblərdə hansısa neqativ hallar yoxdur və bu neqativ hallar son 3 ildə demək olar ki, sıfıra yaxınlaşıb. 150 minə yaxın ziyalını birləşdirən Azərbaycan müəllimi ordusu bir-iki məktəbdə baş verən hansısa neqativ hala görə damğalanmamalıdır.
Azərbaycan müəllimi özünün fədəkar əməyini , şərəfli peşəsinə və şərəfli həyat yoluna görə ən böyük təbrikə, ən böyük mükafata layiqdir. Niyə biz kimisə təbrik etmək istəyəndə fikirləşirik ki, ona pul vermək lazımdır?! Niyə biz hansısa bayramda kiməsə "yaxşılıq” etmək üçün 5, 10 manat və ya hansısa məbləğdə pul toplamalıyıq. Bəlkə məktəblərdə tək-tək rast gəldiyimiz neqativ halların səbəbini cəmiyyətdə bu neqativ halları yaratmağda olan ayrı –ayrı valideynlərdə axtarırırq?! Bəlkə müəllim peşəsinə, müəllim əməyinə və müəllim ömrünə hörmət əlaməti olaraq bilərəkdən ,məqsədli şəkildə bir-iki neqativ halı şişirdən, ictimailəşdirən insanlara toplum olaraq, cəmiyyət olaraq özümüz cavab verək?!. Verdiyim sualların cavablarını da özüm tam bilmirəm. Onu bilirəm ki, 5 Oktyabr Beynəlxalq Müəllimlər günü dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanımızda da daha böyük təntənə ilə keçirilməlidir. Axı söhbət MÜƏLLİM adından, MÜƏLLİMLƏRİN peşə bayramından gedir.
Bayramınız Mübarək Əziz Müəllimlər. Tutduğunuz çətin və şərəfli yolda hər birinizə can sağlığı, peşə fəaliyyətinizdə uğurlar arzu edirəm.
Yaşasın Azərbaycanımız ! Yaşasın Azərbaycan Müəllimi !
AzTehsil.Com saytının Baş Direktoru: Elşən Qafarov
Fotolar: