Musiqi məktəblərində maaş problemi yaranıb - Nazirlik SÖZ VERDİ
Sosal şəbəkələrdə Bakıdakı musiqi məktəblərinin direktorları haqda ittiham dolu xəbərlər yayılıb. İddia olunur ki, direktorlar artıq 3-cü aydır ki, müəllimlərin maaşından qanunsuz pul tuturlar. Digər tərəfdən direktorların əsası da qəribədir. Belə ki, onlar maaşların kəsilmə səbəbi kimi bildirirlər ki, büdcədə pul yoxdur və bu, birbaşa nazirin tapşırığıdır.
Aztəhsil.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən modern.az-a verilən məlumata görə, məsələnin nazirin tapşırığı ilə əlaqəsi yoxdur:
"Azərbaycan mədəniyyətinin inkişafında, incəsənətin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişdirilməsində baza təhsili proqramlarının həyata keçirildiyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İstedadlı uşaqların üzə çıxarılması və onlarla aparılan səmərəli peşə yönümlü işin nəticəsində həmin məktəblərin məzunlarının çox hissəsi müvafiq orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirir, peşəkar musiqiçi, rəssam, rəqqas kimi formalaşırlar.
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin optimallaşdırılması, dövlət büdcəsinin səmərəli istifadəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Lakin bu tədbirlərə baxmayaraq dekabr ayında vəsait çatışmazlığından Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin əmək haqqının bir hissəsi ödənilməsində problem yaranıb. Bununla əlaqədar qeyd etmək istəyirik ki, fevral ayının ilk günlərində müəllimlər yanvar ayının maaşı ilə birlikdə dekabr ayından yaranan fərqi tam şəkildə alacaqlar”.