Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM
Prezident İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Fərmanda qeyd olunur ki, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
Nazirlər Kabinetinə tapşırılır ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulurlar.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Bu sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən tətbiq edilir.