
Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?
Tələbələr gənclərin aktiv hissəsini təşkil edir. Onlar sadəcə təhsildə deyil, həm də ictimai həyatda fəallıqları ilə diqqəti cəlb edirlər. Bu zaman bəzi məsələlərdə Tələbə Həmkarlar Təşkilatının dəstəyinə ehtiyac duyulur.
Ancaq bəzi tələbələr tez-tez universitetlərin Tələbə Həmkarlar Təşkilatının fəaliyyətindən şikayət edirlər. Hətta bəzi tələbələr "neçə ildir universitetdə oxuyuruq, Tələbə Həmkarlar Təşkilatının fəaliyyəti nədən ibarətdir, bilmirik” deyirlər.
Aztəhsil.com xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva modern.az-a bildirib ki, qurumun fəaliyyəti daha çox tələbələrin sosial problemləri ilə məşğul olmaqdan ibarətdir:
"Asudə vaxtın səmərəli təşkilinə, mənzil- məişət problemlerini öyrənməyə, onları həll etməyə çalışırıq. Eyni zamanda, istedadlı tələbələrimizə hər zaman dəstək oluruq, onlara seçimlərində kömək edirik”.
Aytəkin Mehdiyevanın sözlərinə görə, Tələbə Həmkarlar Təşkilatına üzv olan tələbələrin əksəriyyəti dövlət sifarişi əsasında təhsil alanlardır.
"Təşkilat haradasa 2000 tələbəni əhatə edir. Qurum müraciət edən bütün tələbələrə dəstək olur, onları dinləyir. Bundan başqa, esse müsabiqələri təşkil edirik, inşa yazı müsabiqələri keciririk. Tələbələrin savadlı kadr kimi yetişməsi üçün də əlimizdən gələn qədər dəstək oluruq. Bir məsələni də vurğulamaq istərdim ki, Tələbə Həmkarlar Təşkilatının kömək etdiyi tələbələr maddi vəziyyəti çətin olan, valideyn qayğısından məhrum olanlardı. İnanmıram ki, tələbələr bizim fəaliyyətdən narazı qalsınlar”.
Bakı Slavyan Universitetinin Tələbə Həmkarlar Təşkilatının fəal üzvü Məryəm Hüseyn qeyd edib ki, qurumun əsas hədəfi tələbələrin təhsil prosesindəki maneələri aradan qaldırmaq və daha rahat təhsil almalarına kömək etməkdir:
"Bundan əlavə, sadəcə dərs oxumaqla bir fərd kimi formalaşmaq mümkün deyil. Hər kəsin hansısa sahədə istedadı varsa, bunu üzə çıxarmağa köməklik göstəririk. Keçirilən tədbirlərimiz əsasən görüşlər təşkil edir. Öz peşəsinin ustası olan insanlarla görüşürük. Onların söhbəti tələbənin dünyagörüşünə çox təsir göstərir”.
Məryəm Hüseynin sözlərinə görə, Tələbə Həmkarlar Təşkilatı tələbələrə özünü daha yaxından tanımağa imkan verir.
"Nə istədiyinə daha asan qərar verə bilirsən. Mən elə özümü deyim, müəllimlik ixtisasında oxuyuram, amma həmkarların tədbirləri zamanı jurnalistlik qabiliyyətim kəşf olundu. İndi jurnalistikaya daha çox vaxt ayırıram”.
Bakı Slavyan Universitetinin birinci kurs tələbəsi Nuray Rəşidova tələbələrin Həmkarlar Təşkilatının yönəlik ittihamlarını düzgün hesab etmir: "Mən təşkilatın üzvü deyiləm, amma deyə bilərəm ki, fəaliyyəti çox yaxşıdır. Digər təşkilatlardan geri qalmır. Şəxsən bizim universitetdə fəaliyyət göstərən təşkilatda problem yoxdur”.