Məleykə Abbaszadə: "Şagirdlərə yeni növ tapşırıq veriləcək"
"9-cu sinifdən sonra tədrislərini davam etdirməyən uşaqlar əsasən buraxılış imtahanlarında "2” və "3” qiyməti alanlardır".
Aztəhsil.com xəbər verir ki bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə deyib.
Onun sözlərinə görə, 9-cu sinif buraxılış imtahanlarında şagirdlərin "Riyaziyyat” fənnindən bilikləri "Ana dili” fənnindən olan göstəricilərindən çox aşağı olub:
"Bir il sonra 9-cu siniflərin buraxılış imtahanlarında xarici dildən də imtahan olacaq və şagirdlərə yeni növ tapşırıq veriləcək. Bununla bağlı 2018-ci ilin yanvar ayında 9-cu siniflər üçün monitorinq imtahanı keçiriləcək. Yeni qaydaya əsasən auditoriyaya qurğu qoyulacaq, mətni oxuyan insan da dilin daşıyıcısı olacaq. Mətni dinləmək və onun əsasında öz fikirlərini söyləmək və ya mətnə aid suallara cavab vermək barədə tapşırıq veriləcək. Hər bir gənc ana dili ilə yanaşı, bir neçə dil bilməlidir və bu dünyanın tələbədir”.
M.Abbaszadə bildirib ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı yeni qaydaları Ədliyyə Nazirliyi və Nazirlər Kabineti təsdiqlədikdən sonra o hüquqi sənəd kimi qüvvəyə minməlidir:
"Bu prosedur başa çatandan sonra biz buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarını Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirəcəyik”.