Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”
Tələbəlik yaş dövrü enerjili hesab olunsa da, bu dövrdə insan sağlamlıq baxımından ciddi təhlükələrlə qarşı-qarşıya qalır. Müəyyən xəstəliklərdən qorunmaq üçünsə sağlam qidalanma ən vacib şərt hesab olunur. Nəzərə almaq lazımdır ki, tələbələrin əksəriyyəti bölgələrdən paytaxta üz tutmuş gənclərdir. Belə olan halda onlar ya tək qalmalı olur, ya da bir neçə tələbə yığışıb birgə yaşayır.
Dərs ili başladıqda tələbələrin əksəriyyəti orqanizmlərinin öyrəşdiyi qidalanma rejimini dəyişirlər.
Tələbələr nə yeyir, necə qidalanırlar, ürəkləri istədikləri ərzağı ala bilirlərmi? Onların ət almağa gücü çatırmı?
Aztəhsil.com xəbər verir ki, modern.az tələbələrin bununla bağlı fikirlərini öyrəndik.
Bakı Mühəndislik Universiteti tələbəsi Tahir Ağazadə yeməklərdən ən çox ləvəngini sevsə də, onu yalnız rayonda-ailəsinin yanında olarkən yeyə bilir.
"Kirayədə qalıram, ərzaq üçün aylıq təxminən 40-50 manat pul xərcləyirəm. Sevdiyim yeməklərdən özüm çox nadir hallarda ala bilirəm. Evdə ən çox özüm kartof qızardıram. Əsas yediyim yemək isə 1.20 manatlıq toyuq dönərdir. Ət isə ümumiyyətlə ala bilmirəm”.
Bakı Dövlət Universitetinin tələbəsi Aidə İsaq da məsələyə münasibətini bildirib:
"Ümumi əlavə xərclər aylıq 150-200 manat arasında dəyişir ki, bura həm yemək, həm də yolxərci daxildir. Tələbə təqaüdü kartıma yüklənəndə ət və digər sevdiyim şeyləri ala bilirəm. Yemək hazırlamaq mənim üçün çox da problem deyil. Ən çox sevdiyim və bişirdiyim yemək kotletdir. Evdən pul yollayanda meyvə, şirniyyat ala bilirəm, amma o da həmişə olmur”.
Azərbaycan Tibb Universitetində təhsil alan Leyla Süleymanlı deyir ki, o ən çox "Rolton” makaronları adlı hazır yeməklə qidalanır:
"Evdə bacımla ikimiz qalırıq, ikimiz də tələbəyik. Arada rayondan da ərzaq göndərirlər, ona görə ortalama aylıq yemək xərci 70-80 manat arasında dəyişə bilər. Ümumilikdə kartof, sosiska-kolbasa, toyuq ən çox istifadə etdiyimiz ərzaq növləridir. Sevdiyim yeməklərə əlimiz çatmız, onlardan çox yeyə bilmirəm, çünki ana olmayanda bişirmək çətin olur, dərslərlə vaxt eləmək olmur”.
Bakı Neft və Energetika Kollecində təhsil alan Gülnar Mehdiyeva deyir ki, tələbəlik sağ olsun, o, əməlli-başlı "qreçka”ya bağlanıb.
"Aylıq yemək üçün 30-40 manat xərcim çıxır. Çünki əti özüm almıram, anamgil rayondan yollayırlar. Ən sevdiyim yemək dolmadır, amma təəssüf ki, arada yeyə bilirəm. Ən çox isə "qreçka” və kartof yeyirəm”.
Fidan Mirzəyeva, Azərbaycan Milli Konservatoriyası:
"Biz 4 nəfər qalırıq, ərzaq üçün mən 50 manat xərcləyirəm. Amma əti həmişə burdan almırıq, evdən göndərirlər. Ən çox yediyim isə makarondur”.
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Hüseyn Qüdrətlinin isti yeməyi sosiska qızartmasıdır.
"Aylıq yemək xərcim hardasa 60 manat təşkil edir. Əsasən yumurta yeyirəm. İsti yemək isə rayondan pul göndərilən vaxt kafelərdə yeyə bilirəm, sonra pulum azalır deyə çatdırmaq üçün dönərlə kifayətlənməli oluram. Normalda sevdiyim yeməkləri bayramdan bayrama evimizə gedəndə yeyə bilirəm. Meyvə yediyim isə yadıma gəlmir. Mənim isti yeməyim sosiska qızartmasıdır”.
Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Abdullayeva isə yumurtanı səhər yeməyi üçün "yaxşı yemək” hesab etmir:
"Biz evdə 3 nəfər qalırıq. Əti valideynlərimiz rayondan göndərir. Adama 20 manatdan atışırıq, qalan şeyləri alırıq. O da, demək olar ki, bəs etmir, məsələn səhər yeməyinə yaxşı heç nə yeyə bilmirik. Təsəvvür edin, ən yaxşı halda yumurta yeyirik. Camaat, amma nələr yeyir eee...
Sevdiyim yeməklərdən çox da yeyə bilmirəm. Pulumuz az olanda daha çox makaron yeyirik. Hesab edirəm ki, yaxşı qidalanmırıq”.
Jalə Hüseynova, Azərbaycan Dillər Universiteti:
"Aylıq yemək üçün 30-40 manat xərcim çıxır. Anam arada toyuq əti göndərir, ət sevmirəm deyə özüm də almıram. Gündəliyə əksər hallarda makaron, kartof soyutması, yumurta yeyirəm. Amma mənim üçün yemək hazırlamaq problem deyil, özüm hər şeyi bacarıram. Mərci şorbası da tez-tez bişirirəm. Pulumu çatdıra biləndə meyvə və şirniyyat da alıram”.
Xəzər Universiteti tələbəsi Səbuhi Quliyevin sözlərinə görə, o qənaətlə istifadə etdiyi üçün, ərzaqa aylıq 150-200 manat xərci çıxır.
"Mən kirayədə tək qalıram. Kirayə pulunu ailəm göndərir, amma digər xərclərimi qarşılamaq üçün özüm işləyirəm. Əksər hallarda yeməyi özüm bişirirəm, ailədən kənarda qalmaq məcburiyyəti yemək bişirməyi öyrənməyimə səbəb olub. Buna görə də ən çox sevdiyim yeməkləri özüm bişirə bilirəm. Bəzən dərs saatları çox olduqda fastfood-la qidalanıram”.