Suraxanı məktəbləri narkomaniyaya qarşı maarifləndirildi
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir.
Aztəhsil.com azadinform.az-a istinadən xəbər verir ki, Suraxanı rayon 76 və 285 saylı tam orta məktəblərində həyata keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, Suraxanı rayon polis idarəsinin əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən polis polkovniki Namiq Həsənov narkomaniya bəlasından danışıb. Bildirib ki, bu bəlanın yayılmasında gənclər önəmli rol oynayır. Buna görə də, gəncləri narkomaniya bəlası ilə bağlı məlumatlandırılması zəruridir. N.Həsənov narkomaniyanın qarşısının alınması ilə bağlı Azərbaycanda da davamlı işlər həyata keçirildiyini bildirib:
"Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir.
Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir".
N.Həsənovun sözlərinə görə, bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub:
"Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur".
N.Həsənov onu da vurğulayıb ki, həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində Suraxanı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Həmçinin qaynar xətt yaradılıb ki, bu vətəndaşların narkomaniya ilə bağlı məlumatları asanlıqla aidiyyəti qurumlara çatdırılmasında mühüm rol oynayır. Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.