AzTehsil.com
RU


Xəbərlər
29 aprel 2017
5 958


Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb



Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

 

Təhsil Nazirliyi tərəfindən yerli xərclərin şəbəkəsində bir sıra nöqsan və uyğunsuzluqlar aşkar edilib.
 
Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, nazirliyin illik hesabatında qeyd olunub ki, bunların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və görülməkdə davam edir.
 
Aparılan araşdırmalar nəticəsində 64 şəhər və rayon üzrə 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğu, 49 işçinin 0,25 ştat vahidi ilə, 1140 işçinin 0,25-0,5-dək ştat vahidi ilə, 5261 işçinin isə 0,5-0,75-dək ştat vahidi ilə işləməsi müəyyən edilib. Bu günədək normativdən artıq saxlanılan 28 ştat vahidi ləğv edilib (bu hesabla illik 33,9 min manat məbləğində vəsaitə qənaət edilib), tam ştatla işləməyən işçilər barəsində müvafiq tədbirlərin görülməsi üçün ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən yerli təhsili idarəetmə orqanlarına məktublar göndərilib, bir sıra rayonlar üzrə ümumilikdə tam ştatla işləməyən işçilərin sayı 125 nəfər azaldılıb. Sosial problemlər yaratmamaqla, bu işlər mərkəzlər tərəfindən davam etdirilir.
 
Yerli təhsil idarəetmə orqanları ilə birlikdə aparılan monitorinqlər zamanı ilkin olaraq 83 ümumtəhsil müəssisəsində 331 işçinin iş vaxtı iş yerində olmaması (bu hesaba 4.0 min manat qənaət edilib), məktəbdənkənar müəssisələrdə 17 qrupun faktiki fəaliyyət göstərmədiyi (həmin qruplar ləğv edilib və bu hesaba illik 32,2 min manat məbləğində vəsaitə qənaət edilib), Saatlı rayonunun bir ümumtəhsil müəssisəsində Bakı şəhərində yaşayan 2 müəllimə tarifləşmə cədvəlləri üzrə dərs yükünün verilməsi aşkar edilib.
 
Gəncə şəhəri, Samux, Qazax və Tovuz rayonlarının təhsil müəssisələri üzrə ümumilikdə 372, o cümlədən Gəncə şəhəri üzrə 206, Samux rayonu üzrə 12, Qazax rayonu üzrə 18, Tovuz rayonu üzrə 136 nəfər işçinin əmək haqlarından gəlir vergisi üzrə güzəştlərə əsasverici sənədlərin saxta olduğu müəyyənləşdirilərək vergi güzəştləri ləğv olunub.
 
Kommunal xidmətlərin monitorinqi nəticəsində Sumqayıt və Gəncə şəhərlərinin təhsil müəssisələrində zirzəmilər və digər qızdırılmayan sahələri qızdırılan sahə kimi qəbul edilməklə, istilik xərclərinin şişirdilməsi müəyyən edilib. Artırılmış həcmlər azaldılıb, bununla da ümumilikdə illik 70 min manatdan artıq büdcə vəsaitinə qənaət olunub. Bundan başqa 10 illərlə mindən artıq işçini əhatə edən 64 şəhər və rayon üzrə mərkəzləşdirilmiş mühasibatlığın və təsərrüfat qruplarının ştatları müvafiq şəbəkəyə uyğun olaraq formalaşdırılmayıb.
 
Belə ki, bu strukturlarda 129 təhsil müəssisəsi olan Xaçmaz rayonunda cəmi 15 ştat, 62 təhsil müəssisəsi olan Göyçay rayonunda 16 ştat, 29 təhsil müəssisəsi olan Mingəçevir şəhərində 35 ştat mövcuddur. 7 şəhər və rayon üzrə ümumiyyətlə təsərrüfat qrupları mövcud deyil. Bunların yaradılması ilə bağlı Maliyyə Nazirliyinə müraciət edilib.
 
Ölkənin 42 şəhər və rayonu üzrə 2000-ci ildən 2013-cü ilədək birtipli layihələr istiqamətində tikilib istifadəyə verilmiş ümumtəhsil müəssisələrində nəzərdə tutulan şagird tutumunun faktiki təhsil alan şagirdlərin sayına uyğunluğu araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, göstərilən dövrdə inşa edilən 161 ümumtəhsil müəssisəsinin şagird tutumu (29 237 şagird yeri) hazırda orada təhsil alan şagird sayından (11 339 şagird ) orta hesabla 2,6 dəfə çoxdur, bu da investisiya planlarının tərtibi zamanı demoqrafik və miqrasiya göstəricilərinin, məktəb şəbəkəsinin rasionallaşdırma prinsipinin nəzərə alınmamasını bir daha təsbit edir. Qeyd olunub ki, belə yanaşma milyonlarla dövlət vəsaitinin lüzumsuz xərclənməsinə, əmlakından səmərəsiz istifadəsinə səbəb olur.
 
Hesabatda daha sonra bildirilib ki, təhsil müəssisələrinin ərazilərinə müdaxilələr mövcuddur, bu da kifayət qədər problem yaradır. Bir çox hallarda müəssisələrin texniki pasportlarının və digər aidiyyəti sənədlərinin olmaması müdaxilə edən şəxslərin ərazilərin zəbt olunması sahəsində qanunsuz hərəkətlərinə rəvac verir. Bunların qarşısının alınması və ümumilikdə təhsil müəssisələrinə məxsus əmlakın sənədləşməsi işlərinin ayrılmış vəsait daxilində aparılması məqsədilə mərkəzlərə müvafiq göstərişlər verilib.



Загрузка...