Lütfi Zadəyə qəbirüstü abidə niyə qoyulmur?
Sentyabrın 6-da vəfat edən dünya şöhrətli alim Lütfi Zadənin nəşi onun vəsiyyətinə uyğun olaraq 23 gün sonra, sentyabrın 29-u Bakıya gətirildi. Görkəmli alimin nəşi I Fəxri xiyabanda torpağa tapşırıldı. Lütfi Zadənin dəfn edilməsindən bir aya yaxın müddət keçməsinə baxmayaraq, alimin hələ də qəbirüstü abidəsi yoxdur.
Maraqlıdır, Lütfi Zadənin qəbirüstü abidəsi nə zaman hazır olacaq?
Aztəhsil.com modern.az-a istinadən xəbər verir ki, Məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov açıqlama verib:
"Fəxri xiyabanda elə tanınmış simalar dəfn olunub ki, onların qəbirüstü abidələri ailəsi tərəfindən düzəldilir. Lakin bizim hazırladığımız qəbirüstü abidələr də var. Bu baxımdan Lütfi Zadənin qəbirüstü abidəsini kimin düzəldəcəyi, necə olacağı dəqiqləşdirilməyib. Qəbirüstü abidənin hazırlanması hansı memara tapşırılacaq və ya bu abidə necə olacaq məlum deyil”.
Müsahibimiz "qəbirüstü abidənin hazırlaması niyə gecikir” sualını belə cavablandırıb:
"Yəqin ki, bu barədə Bakə Şəhər İcra Hakimiyyəti bu ayın sonuna qədər qərar verəcək. Bizə nə deyilirsə, onu edirik. Məsələn, bizim öz standartlarımız var. Əgər qəbirüstü abidənin hazırlanması bizə tapşırılsa, işləri bu istiqamətdə görəcəyik. Amma ümumiyyətlə hazırda bizim də bununla bağlı hər hansı məlumatımız yoxdur. Buna baxmayaraq Lütfi Zadənin qəbirüstü abidəsi ilə əlaqədar müzakirələr gedir”.