Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"
Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Aztəhsil.com report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə A.Bağırova son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
O bildirib ki, zərərçəkmişlərin pulunu qaytarmaq niyyəti var: "Pulu qaytaracam."
Hakim təqsirləndirilən şəxsə vaxt verib.
O, qeyd edib ki, bir də məhkəməyə körpə uşağını gətirməsin.
A.Bağırova isə belə deyib: "Elə bildim bu gün hökm oxunacaq, zaldan həbs ediləcəm. Ona görə gətirdim ki, uşağı özümlə aparım".
Məhkəmənin növbəti prosesi oktyabrın 24-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında hər iki qadının 9 il azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqdirli bilinirlər.
S.Mansurova məhkəmədə 5 dil bildiyini, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işlədiyini və YAP-ın Seçki Komissiyasının üzvü olduğunu deyib.
S.Mansurova A.Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.
Aralarında yaran münasibətdən sonra S.Mansurova A.Bağırovaya ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova da vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib.
S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.
Qeyd edək ki, S.Mansurova həbsdədir. A.Bağırova barəsində is həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.
Hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunur.