Mavr öz işini gördü - Xəritə təxribatına İlham İsmayıldan ilginc politoloji şərh...
Rus bölməsi üçün hazırlanan Tarix kitabı haqqında rezonans böyük oldu. Dərslik yığışdırıldı. Nə olsun? "Mavr öz işini gördü, Mavr gedə bilər”.
Bu xəritəni çəkib dərsliyə yerləşdirənlər istədiklərinə çatdılar. Rusiya, Türkiyə, Ermənistan mətbuatı bu barədə yazdı və hələ illər keçəcək yazacaqlar. Bu dərsliyə o xəritəni yerləşdirənlərə şagirdlərin xəritəni, dərsi öyrənməsi maraqlandırmayıb. Onlar üçün bu ajiotaj lazım idi və uzun illər bizim "etirafımız” kimi dəyərləndiriləcək faktdan danışacaqlar.
Necə ki, Lenta.ru, Evrasiya Deayli, Armenian Report və sairə bu barədə yazdılar. Evrasiya Deayli nəşrində daim anti Azərbaycan mövqeyi ilə tanıdığımız Həsən Verdixanov (Dağıstandan etnik nümayəndə) 12 oktyabrda bizi lağa qoyan böyük yazı ilə çıxış edib, bu xəritə olayını da başımıza qaxıb.
Bu hadisə səhlənkarlıq deyil. Bu düşünülmüş, planlaşdırılmış təxribatdır. Bu təxribatın sifarişçisi xüsusi xidmət orqanları deyil. Yəni deyildiyi kimi Rusiya FTX-nin işi deyil, heç buna baş da qoşmaz. Amma, sifarişin Rusiyadakı ermənilərdən gəlməsi mümkündür. Müdafiə Nazirliyinin hərbçilərinin cəlbedilmə prosesi də Moskvada ermənilər tərəfindən yekunlaşıb möhkəmlənirsə, hansısa təhsil işçisini, səlahiyyətlisini maddi əsas zəminində cəlb etmək elə də çətinlik yaratmaz.
Ermənistan dərsliklərinə, elmi məqalələrə, yazılara salınmış 300-dən çox xəritəni araşdırası oldum. Məlum xəritə olduğu kimi (rəngi, cızılması, rus əlfbası və sairə xüsusiyyətləri) heç bir yerdə yoxdur. Xeyli uydurma "Böyük Ermənistan” xəritələri var, hətta Aralıq dənizinə qədər, amma bu xəritə, məhz bu dərslik üçün çəkilib. Kimin hazırlaması təxribatın izini tapmaq üçün açar rolunu oynaya bilər.
Ümumiyyətlə, təhsil sistemindəki özümüzün yaratdığımız başqa problemlər, başqa dərsliklərimizin də bərbad gündə hazırlanması daha böyük təxribatdır, nəinki hansısa xəritə...