Nazir daha üç kolleci birləşdirir
Azərbaycanda daha 3 təhsil müəssisəsi birləşdiriləcək.
Banker.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyində bununla bağlı artıq müzakirələr başlayıb
Gələn xəbərlərə görə, Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Xırdalanda yerləşən Sosial-Humanitar kollec və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci birləşdirilir. Bildirilir ki, ilkin mərhələdə Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci ilə Xırdalanda yerləşən Sosial-Humanitar kollec birləşdiriləcək. Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci də bu tərkibə qatılacaq.
Kolleclərin birləşdirilməsinə səbəb kimi hər üç təhsil ocağının ayrı-ayrılıqda fəaliyyətinin səmərəsizliyi, izafi xərclərə gətirib çıxarması, deputat Zahid Orucun dediyi kimi "karton” istehsal edən təhsil müəssisələrinə çevrilməsi, tədrisin keyfiyyətinin aşağı olması göstərilir.
Buna görə də hər üç kollecin profili müəyyən qədər fərqli olsa da, onların vahid bir təhsil mərkəzi altında birləşdirilməsi məqsədəuyğun hesab edilib. Çünki bu kolleclər mütəxəssis yetişdirilməsi siysətində tələblərə cavab vermir.
Hazırda texniki hazırlıqların getdiyi və yaxın vaxtlarda rəsmi qərar qəbul olunacağı xəbər verilir. Ancaq təhsil ocaqlarının birləşdirilməsi prosesinin bununla məhdudlaşacağı gözlənilmir.
Prezidentin qəbul etdiyi "Strateji Yol Xəritəsi” sənədində də təhsil sektorunda reformalarla bağlı mühüm müddəalar yer alır və onlardan biri də tədris keyfiyyəti aşağı olan müəssisələrin birləşdirilməsidir.
Bu mərhələdə adıçəkilən üç kollecin də birləşməsi nəzərdə tutulur. Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.