Öz tariximizi düzgün öyrənmişdik, qalmışdı erməni tarixi... - Ekspert
“Son illərdə bəzi mətbuat səhifələrində, sosial mediada erməni dilinin tədrisinin zəruriliyi barədə müəyyən fikirlər səsləndirilib. Ermənistanla yaxınlaşmaq, Qarabağ ermənilərinin Azərbaycan sosiumu ilə inteqrasiyası üçün mütəxəssislər lazım olduğu bildirilib. Hətta universitetlərdə Ermənişünaslıq fakültəsinin yaradılması ilə bağlı fikirlər də irəli sürülüb”.
Bu sözləri təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a Ermənistanda Azərbaycan və türk dillərinin tədrisi ilə bağlı danışarkən qeyd edib.
O bildirib ki, tarix dərsliklərimizdə Ermənistan tarixinin yer alması ilə bağlı təkliflər var:
“İrəli sürülən təkliflərin içərisində dərsliklərdə erməni tarixi ilə bağlı məlumatların yer alması da var. Buna səbəb olaraq isə bizim onlara cavab vermə imkanımızın olması göstərilir. Bunu təklif edənlər hesab edir ki, biz erməni tarixi gizlətməməli, onu öyrətməliyik. Cənubi Qafqazda olan proseslər haqqında məlumat verməliyik. Həmçinin bu istiqamətdə,dərsliklərdə informasiyalar yer almalı və şagirdlərə ötürülməli olduğunu deyənlər də var. Sanki öz tariximizi düzgün ötürmüşük, bir erməni informasıyalarını ötürmək qalıb. Onsuz da, lazımsız informasiyalarla yüklü olan tarix dərsliklərimizə Ermənistan tarixinin saxta informasiyalarını yükləmək hansı zərurətdən irəli gəlir?”
Ekspert, bəzi universitetlərimizdə erməni dilinin tədris olunması ilə bağlı da danışıb:
“Bəziləri deyir ki, Ermənistanda Azərbaycan dili öyrədildiyi kimi, ölkəmizdə də erməni dilini öyrədən mərkəzlərin olmasına ehtiyacı var. Musiqimizi, rəqslərimizi, mətbəximizi və hətta ata-baba torpaqlarımızı özününkiləşdirdikləri kimi, dilimizə də göz dikmək niyyətləri onların qanından, genindən irəli gələn xüsusiyyətləridir. Azərbaycanda erməni dilini öyrədən mərkəzlər, bu dili tədris edən universitetlər var. Bakı Dövlət Universitetində (BDU) 2005-ci ildən erməni dili tədris olunur. Neçə illər idi ki,Azərbaycan Dillər Universitetində də (ADU) erməni dili keçilirdi. Hətta bu universitetdə Erməni Araşdırmaları Mərkəzi də fəaliyyət göstərib, “Erməni dilinin qrammatikası” dərsliyi belə nəşr olunub. 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində də (UNEC) erməni dilinin tədrisinə başlanılıb. Hətta Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi tərəfindən Universitet tədqiqatçıları üçün kurslar da yaradılmışdı. Universitetdə Elmi-Tədqiqat Mərkəzi də fəaliyyət göstərir. Daha nə lazımdır?"“
N.İsrafilov sonda bildirib ki, erməni dili orta məktəblərdə tədris edilsə, bu, ermənilərin xeyrinə olacaq:
“Erməni dilinin tədrisi ilə bağlı təklif irəli sürənlər düşünür ki, düşmənin dilini bilmək ona anladığı formada cavab vermək üçün gənclərə müəkəmməl fürsət verəcək. Lakin bu məsələ zaman-zaman gündəmə gətirilsə də, heç də birmənalı qarşılanmayıb. Mənim fikrimcə, bir neçə dil bilməyin heç bir ziyanı yoxdur. Lakin yerində və qədərində. Erməni dilini orta məktəblərə gətirib kütləviləşdirmək kimi bir tendensiya yaransa, bu cəhdi erməni dəyirmanına su tökməkdən başqa bir şey adlandırmaq olmaz”.