Müəllimlərin adından büdcədən pul yeyən şəxsin cəzası bəlli oldu
Masallı Rayon Məhkəməsində vəzifə saxtakarlığında təqsirləndirilən Əhməd Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, təhsil sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla, bir il müddətinə islah işləri cəzası təyin olunub.
İttihama görə, Əhməd Məmmədov Masallı rayonunun İ.Hacıyev adına Viləş kənd tam orta məktəbində müəllim işləyir. O, tədris etmədiyi halda həmin məktəbin bir neçə müəlliminin adına ümumilikdə 5 218 manat məbləğində əməkhaqqı hesablanıb ödənilməklə qulluq mövqeyindən istifadə edərək, büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talayıb.