Nadir İsrafilov:Son təbiət hadisələri məktəblərdə mülki müdafiə fənninin tədris edilməsinin vacib olduğunu göstərir.
“Dünyada baş verən son təbiət hadisələri məktəblərdə mülki müdafiə fənninin tədris edilməsinin vacib olduğunu göstərir”.
Bunu “Sherg.az”a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, bu insan həyatı ilə bağlı olan məsələdir:
“Sovet dövründə belə bir fənn tədris olunub. Əvvələr ona “ibtidai hərbi hazırlıq” deyirdilər sonra isə adını “Çağırışa qədər hərbi hazırlıq” olaraq dəyişdilər. Bu fənn üzrə tədbirlər keçirilirdi. Sumqayıtda müəllimin səhlənkarlığı ucbatından partlayış olduqdan sonra kabinetlər ləğv edilərək, bu fənnə olan diqqət zəiflədi. Lakin Qarabağ savaşından sonra əvvəlki səviyyədə olmasa belə, bu fənnə diqqət artırılıb”.
Ekspertin sözlərinə görə biz müxtəlif elmlərin əsasını tədris etməklə yanaşı, uşaqları təbii fəlakət zamanı necə davranacağını da öyrətməliyik:
“Heç kəsə sirr deyil ki, təbiətdəki kataklizmlərin sayı artır. Ona görə də uşaqlar fövqaladə hallarda vəziyyətdən çıxmaq, özlərinə və ətrafına necə yardım etmək vərdişlərinə yiyələnməlidirlər. Doğrudur, tədris fənləri çox və ağırdır. Hazırda tədris proqramlarının yüngülləşdilməsi məsələsi gündəmdədir. Ancaq “Mülki Müdafiə” fənn kimi formalaşana qədər fakültativ kursların və məktəbdənkənar tədbirlərin hesabına tədris edilə bilər. Ümumiyyətlə əyani marifləndirmə çox vacibdir. Yəni hadisə zamanı necə qorunmağı, harada dayanmağı və.s göstərən plakatlar çap olunaraq məktəblərdən asılmalıdır. Heç kəs zəlzələnin Azərbaycanda baş verməyəcəyi barəsində zəmanət verə bilməz. Biz hər şeyə hazır omalıyıq”.
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra ekspertlər orta məktəblərdə mülki müdafiə və ilkin tibbi bacarıqlar fənninin tədrisinin vacibliyilə bağlı həyəcan təbili çalıblar. Onlar həyati bacarıqların tətbiqinin öyrədilməsinin çox ciddi məsələ olduğunu deyiblər.