Türkiyədə imtahan suallarını satan Azərbaycanlı tələbələr saxlanılıb
Türkiyədə SAT (Scholastic Aptitude Test) imtahan suallarını satmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb.
Sualların Ankarada 2-3 min dollara satılması barədə şikayət əsasında məsələ ilə bağlı araşdırma başladılıb. Azərbaycan və İran əsilli altı nəfər saxlanılıb.
Məlum olub ki, onlar “Telegram”ın çat proqramı vasitəsilə əlaqə saxlayıblar, suallar Azərbaycandan olan Cahid və M.N. adlı şəxslər tərəfindən gətirilib və onların “karantina” adlandırdıqları evlərdə paylanıb.
Əməliyyatlar zamanı Azərbaycan və İran əsilli Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıblar. Axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar ələ keçirilib.
Şübhəlilərdən biri Səid K. bildirib ki, imtahan suallarını Cahid M. təşkil edir və satır:
“Bu imtahan eyni anda 170 ölkədə olur. Bu sualları Türkiyədə paylayan şəxs Cahiddir. Bakı ərazisində universitetlərin sualları da daxil olmaqla hamısını Cahid satır”.
ABŞ-da tələbələrin ali təhsilə qəbulu üçün standartları müəyyən edən qurum olan “College Board” tərəfindən tətbiq edilən SAT imtahanını ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr verir.
Mənbə: Haksozhaber