Elşən Qafarov - Dərsliklərlə bağlı problemlər niyə həll olunmur ?
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə (qrif) verilən əsas vəsait.( mənbə Vikipediya )
Dərslik şagirdin istinad etdiyi əsas mənbə olduğu üçün , dərsliklərdə hər hansı elmi və ya texniki səhv yolverilməzdir.
2000-ci illərdən bəri ümumi təhsil pilləsində şagirdlərə dərsliklər pulsuz verilir.Və o zamandan dərsliklərlə bağlı problemlər səngimək bilmir. Baxmayaraq ki, hal-hazırda da bu problem qalmaqdadır, stər ibtidai siniflər , istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlər bitib tükənmir.
Problemə bir qədər geniş mənada baxsaq bir neçə nüansı qeyd etməyi vacib bilirəm.
1. Dərsliklərin hazırlanması ilə bağlı hüquqi normativ baza varmı ? – var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması QAYDASI “ təsdiq edilmişdir. Məlum Qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyən edir, və həmin Qaydanın 2.2-ci bəndində ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınması tələbi qoyulub :
1. materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
2. pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu;
3. dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;
4. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.
Demək dərsliklər hazırlanarkən göstərilən tələblərin gözlənilməsi mütləqdir.İstər müəlliflər, istərsə də dərslikləri qiymətləndirmə komissiyaları və yaxud da dərslikərin qiymətləndirilməsinin manitorinqini aparan Dövlət İmtahan Mərkəzi bu tələbləri gözləməlidirlər və məsuliyyət daşıyan tərəfdirlər.
2. Dərsliklərin hazırlanması prosesi.Dərsliklərin hazırlanmasına 2 ay vaxt verilməsi (3.7. Dərsliyə qrif verilməsi üçün müraciətə 2 (iki) ay ərzində baxılır.) çox qısa bir müddətdir. Eyni zamanda müzakirəyə 4 ay vaxtın verilməsi də çox az bir müddətdir. Dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis qıtlığı var.
Dərsliklərin hazırlanması ilə bağlı texniki məsələlərdənsə , məhz bu istiqamətə , yəni onları hazırlayan mütəxəssislərin olmaması və ya az olmasına diqqət edək. Bu problemin ilk özəyi , ölkədə yaradıcı müəllimlərin , elmi-pedaqoji fəaliyyətlə məşğul olan kadrların nadir hallarda rast gəlinməsi ilə yanaşı , sistemsizliyin mövcüd olması da əsas problemlərdən biridir. Müəllimlərin elmi – pedaqoji fəaliyyətə cəlb olunmasının stimullaşdırılmaması bu sahəyə maraqı azaldır.
Ölkədə 44 ali məktəb və 7 ali məktəb filalının ( əsasən ADPU-nun ) tam böyük əksəriyyəti pedaqoji sahədə kadr hazırlayır. Hər il magistratura səviyyəsində təkcə pedaqoji sahədə 100-lərlə magist qəbul olunur və ya bitirir. Magistr işlərinin əksəriyyəti ali məktəbin müəllimləri tərəfində müəyyən məbləğ müqabilində yazılır. Əvvəllər olduğu kimi ali məktəblərdə Tələbə Elmi Cəmiyyətləri fəaliyyət göstərmir. Və nəhayət bizdə dərslik yaza biləcək kadrların yetişməsi üçün lazım mühit yoxdur.
Eyni fənn üzrə dərsliklərin ayrı-ayrı siniflər üzrə müxtəlif müəllimlər tərəfindən hazırlanması , dərsliklərdə verilmiş materialların üst-üstə düşməməsi , varislik prinsipinin pozulmasına gətirib çıxartmasına səbəb olur . Bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün sistemli işlər görmək və məsələyə kompleks yanaşmaq lazımdır. Yeni təyin olunan müəllimləri dərsliklərin müzakirəsinə ilk 5 il ərzində vaxtaşırı olaraq cəlb etmək , ayrı-ayrı mövzularla bağlı onların hazırladığı materialları ayrı-ayrı fənlər üzrə yaradılmış metodik saytlarda yerləşdirmək, onların əməyinin rəğbətləndirilməsi üçün tədbirlər görmək olar.
Eyni zamanda istər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, istərsə də yeni yaradılan Regional Təhsil İdarələrinin nəznində Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri ilə birgə dərsliklərin mütəmadi müzakirəsini və qiymətləndirilməsini həyata keçirtmək , toplanmış fikir və təklifləri Təhsilin İnkişafı İnistitunun və Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə təqdim etmək olar.
3. Pedaqoji heyətin peşəkarlığı – Təsəvvür edək ki , dünyada ən ideal ( ideal dərslik olmur ) və ya ən keyfiyyətli dərslikləri hazırlasaq belə , bu dərslikləri tədris edən əsas faktor müəllim faktorudur. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin inkişafı üçün görülən tədbirlər yetərli deyil. İlk növbədə sertifikasiyanın keçirilməsini sürətləndirmək, pedaqoji kadr hazırlığı ilə bağlı yeni konsepsiya qəbul edilməli, orta ixtisas təhsilli şəxslərin ümui təhsil məktəblərinə müəllim kimi işə qəbulu dayandırılması, hal hazırda sistemdə işləyən orta ixtisaslı müəllimlər üçün 2-3 illik qiyabi bakalvr proqramı tətbiq edilməsi ( sertifikasiyadan sonra ) bu istiqamətdə köklü dəyişiliyə gətirib çıxarda bilər.
Təhsili inkişaf etmiş ölkələrdə artıq ümumi təhsil məktəblərində fəaliyyət elmi-pedaqoji xarakter daşıdığından yalnız magistr təhsili olanlar işə qəbul edilir, sistemdə işləyən bakalavrlar üçün magistr proqramları tətbiq edilir.
Sonda.. 24 oktyabr 2013-cu il tarixində Prezidentin 13 №-li Sərəncamı ilə təsdiq olunmuş olunmuş “ Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının” 7-ci bölməsinin 4.1.-ci bəndində ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması 2015-2020-ci iilər üçün nəzərdə tutulmuşdu. (1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması ) .
Şagirdlərin elektron dərsliklərlə yüklənmiş kompyuter-planşetlə təmin olunması təhsili inkişaf etmiş ölkələrdə geniş yayılıb və bu şagirdlərin çanta ağırlığı ilə bağlı probleminin həlli yolunda və ekologiyanın qorunmasında həlledici rol oynaya bilər.
Nəzərə alsaq ki, bir şagird birinci sinifdən on birinci sinifədək oxuduğu müddətdə azı 150 kitabdan istifadə edir və hər bir kitab da dövlətə ən azı 6-7 manata başa gəlir, planşetə keçid eyni zamanda ciddi maliyyə qənaətinə gətirib çıxarda bilər.