Məktəb direktorundan şagirdin intiharı ilə bağlı AÇIQLAMA
Aprelin 21-də axşam saatlarında Ağdam rayonunun Üçoğlan kəndində 11-ci sinif şagirdi olan 2005-ci il təvəllüdlü A.Əliyevanın (şərti) intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
A.Əliyevanın təhsil aldığı Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin direktoru Vaqif Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qız sonuncu dəfə aprelin 18-də dərsdə iştirak edib: “A.Əliyeva məktəbimizin üzdə olan, tədbirlərdə iştirak edən, orta qiymətlərlə oxuyan şagirdlərindən biri idi. Pandemiya və daha sonra müharibə ilə əlaqədar tədris prosesində müəyyən dəyişikliklər edilmişdi, son aylarda isə pandemiya ilə bağlı tələblər nəzərə alınmaqla əyani rejimdə dərslər keçirilir.
Davamiyyəti normal olub. Bildiyimə görə, aprelin 12-də şagirdin anası məktəblə əlaqə saxlayaraq qızı ilə danışmaq istəyib və onu həkimə aparacağını bildirərək dərsdən bir qədər tez çıxmasını xahiş edib. Bundan sonra isə bir neçə gün dərsə gəlməyib. Son olaraq aprelin 18-də məktəbə gəlmişdi və şəxsən özüm şagirdlə rastlaşanda onunla söhbət etdim, səhhəti ilə maraqlandım. Mənə hər şeyin normal olduğunu, müalicə aldığını və dərslərdə iştirak edəcəyini dedi. Aprelin 21-də isə belə bir xəbər aldıq. Onun konkret olaraq probleminin nədən ibarət olması barədə dəqiq məlumata malik deyiləm”.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü şagird yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.