Krımda “Z” simvoluna reaksiya bildirən məktəb müəllimi işdən çıxarılıb
Krımda məktəb müəllimi şagirdin köynəyinin üzərindəki “Z” simvoluna görə qəzəblənib və bu səbəbdən də işini itirib. Məktəbli qız ondan valideynlərinə şikayət edib, valideynləri isə bu barədə məktəb direktorunu məlumatlandırıb.
Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Kanalın xəbərinə görə, rus ordusunun nüfuzdan salınması ilə bağlı hadisə bu dəfə Cankoy şəhərindəki 8 saylı məktəbdə baş verib. İki doqquzuncu sinif şagirdi coğrafiya dərsindən sonra bədən tərbiyəsi dərsi üçün soyunma otağında paltarını dəyişərkən məktəbli qızlardan biri üzərində Z hərfi olan ağ köynək çıxarıb, ikincisi isə eynisini haradan ala biləcəyini soruşub.
Bu söhbətə coğrafiya müəllimi Susana Bezaziyeva şahid olub və dərhal tələbələrin başının üstünü kəsdirərək onlara bununla bağlı heç nə bilmədiklərini, heç nə başa düşmədiklərini deyib. O, Ukraynada yaşayıb-işlədiyini və orada hər şeyin göstərilmək istənildiyi kimi olmadığını bildirib.
Müəllimənin bu iradından sonra məktəbli qızlar valideynlərinə Bezaziyevanın mövqeyi barədə danışıblar və bu məsələ daha sonra soyadı Zamirskaya olan direktora qədər gedib çatıb. Müəllimə ilə bu barədə müzakirələr aparılıb və bütün bunların nəticəsi olaraq o, öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazıb.