Məktəblərdə dərsdinləmələrin nəticələri ilə bağlı seminarlara start verilib
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərdə dərsdinləmələrin nəticələrinə əsasən müəyyən olunan mövzularda seminarların təşkili işinə start verilib.
İnstitutdan bildirilib ki, seminarların təşkilində məqsəd müəllimlərə ehtiyac olan mövzularda lazımi metodik dəstəyin göstərilməsidir.
İlk seminar 38 nömrəli tam orta məktəbdə “Formativ qiymətləndirmə” mövzusunda keçirilib. Seminarda formativ qiymətləndirmənin məqsədi, üsul və vasitələri, effektiv əks-əlaqənin qurulması, konstruktiv rəyvermə mövzularına toxunulub, iştirakçılara çoxsaylı praktik nümunələr təqdim edilib.
Seminarda ibtidai sinif, Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 30 müəllim iştirak edib. Seminarda spiker qismində Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmət şöbəsinin mütəxəssisi Aynur Həşimova çıxış edib.
Qeyd edək ki, lazımi metodik dəstəyin təmin edilməsi məqsədilə bu və digər məktəblərdə müxtəlif mövzularda ardıcıl seminarların və digər fəaliyyətlərin təşkili nəzərdə tutulub.