On minlərlə şagird sabahdan dərsə getməyəcək: “DİM dövlətin təhsil siyasətini pozur”
Dövlət İmtahan Mərkəzi martın 5-də və 6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
Mərkəzdən bildirilib ki, martın 5-də keçiriləcək imtahanlarda 22 min 902, martın 6-da keçiriləcək imtahanlarda isə 24 min 824 nəfər olmaqla, ümumilikdə 47 min 726 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar iki gün ərzində respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq. Bundan başqa ali məktəblərə və kolleclərə də tələbə qəbulu elan edilib. Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır. Qeyd edək ki, hazırda orta məktəblərdə tədris prosesi başa çatmadan buraxılış imtahanlarının keçirilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Əgər buraxılış imtahanları keçirilirsə, sonrakı müddətdə proqrama uyğun olaraq hansı dərslər keçiriləcək? Yaxud imtahanlardan sonrakı proqram önəmli hesab edilmirsə, pandemiya şəraitində şagirdlərin məktəbə getməsinə ehtiyac varmı?
Təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, ümumtəhsil məktəblərində təhsil alanların yekun attestasiyası haqqında Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 saylı qərarı var:
“Bu, buraxılış imtahanları istər ümumi orta təhsil, istərsə də tam orta təhsil səviyyəsi üzrə proqramların bitməsini bildirir. Ancaq DİM imtahanları 5-6 mart tarixinə keçirib. Ancaq proqram bitməyib. DİM təskinlik verir ki, imtahan materiallarına martdan sonrakı proqramı daxil etməmişik. Əgər imtahan materiallarına daxil edilməyəcəksə, bu dərslər niyə keçirilir? Məktəblər çətin vəziyyətdə qalır. Martın 5-6 tarixindən sonra 9-11 sinif şagirdlərinin məktəbə gəlməsində böyük problem yaranacaq. Həmin uşaqlarda məsuliyyət itir. Şagirdlərin çoxunun hazırlıqla bağlı dərslərdə iştirak problemi nəticəsində məktəb rəhbərliyi ilə müəllimlər arasında problemlər yaranacaq. DİM tərəfindən sabah buraxılış imtahanın keçirilməsi ölkə üzrə bütün ümumtəhsildə buraxılış siniflərində tədris prosesini pozur. Bu, çox çətin olacaq. Əziyyətini məktəb rəhbərləri, müəllimlər çəkəcək. Mən bunda bir məntiq görə bilmirəm”.
İmtahanların mart ayında keçirilməsinin nə əhəmiyyəti var? Ekspert deyir ki, əslində imtahanlar iyunun 1-ci ongülüyündə keçirilməlidir:
“Mahiyyət ondan ibarətdir ki, təhsil proqramını yoxlayır, attestasiya edir, ancaq təhsil proqramı bitməyib. Açıq-aşkar elan edirlər ki, mart-aprel-may və iyunun 14-dək, 34 həftənin 13 həftəsi imtahandan sonraya qaldı. İmtahanlara martdan sonrakı proqramı salmadıqlarını deyirlər və bu, Azərbaycan qanunlarının pozulmasıdır. Onlar istəyirlər ki, sınaq imtahanlarını keçirmək üçün əllərində kifayət qədər vaxt olsun. İzahı yoxdur ki, dövlətin büdcəsindən maliyyələşən publik hüququ şəxs dövlətin təhsil siyasətini pozur. Reallıq budur ki, DİM dövlətin təhsil siyasətinin həyata keçirilməsində pozuculuq fəaliyyəti ilə məşğuldur”.