Azərbaycanda universitetin akkreditasiyası dayandırıldı - SƏBƏB
Sumqayıt Dövlət Universitetinin akkreditasiyadan keçməməsinin səbəbi açıqlanıb.
APA-nın məlumatına görə, ali təhsil müəssisələri ilə keyfiyyət təminatına dair görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov bildirib ki, 2020-ci ilin sonunda köhnə akkreditasiya qaydaları qüvvədən düşüb və yeni qaydalar qəbul olunub:
“Məhz buna görə Sumqayıt Dövlət Universitetinin akkreditasiyası dayandırılıb. Yeni akkreditasiya meyarları təsdiq olunan kimi universitetlərin akkreditasiyası bərpa olunacaq. Hamı üçün müvafiq təlimlər keçiriləcək, məlumatlar veriləcək. Yeni meyarlara görə akkreditasiya prosesinin gecikməsinin universitetlərin statusuna zərər vurmaması, xələl gətirməməsi üçün tədbirlər görmüşük. Yeni meyarların müzakirə prosesi bir az uzun çəkdi. Amma hazırda artıq yekun mərhələdədir. Biz yaxın zamanlarda yeni meyarların qəbul olunmasını gözləyirik. Yeni meyarlar qəbul olduqdan sonra universitetə məktub göndərəcək və 3 aydan sonra rəsmi məktubla həmin universitetə gedəcəyimizlə bağlı məlumat verəcəyik”.