Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.
Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində cənab Prezident İlham Əliyev bütün yüksək kürsülərdən Qarabağın əzəli Azərbaycan torpağı olmasını faktlarla, açıq, aydın və heç bir dairədən çəkinmədən səsləndirərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl və qətiyyətli işlər həyata keçirdi. Dövlət başçımızın hər bir çıxışı, müsahibələrdə səsləndirdiyi fikirləri geniş şəkildə müzakirə olunur və onun fikirlərinə açıq şəkildə dəstək ifadə olunur.
Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində İtaliyanın dünyaca məşhur olan “İl Sole 24 Ore” qəzetinə müsahibəsində də bir çox məsələlərə aydınlıq gətirərərək dövlətimizin mövqeyini ortaya qoyur. Müxbirin suallarını cavablandıran Ali Baş Komandan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səylərinin böyük əhəmiyyətə malik olduğunu, eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səylərinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Müharibənin bitməsinə baxmayaraq rəsmi İrəvanın hərbi cinayətlərinin hələ də davam etdiyini, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsinin öz həllini tapmadığını, müharibə bitdikdən sonra 200 nəfərə yaxın insanın minalar səbəbindən həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdıran dövlətimizin başçısı müsahibəsində Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusunun Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Ölkəmizin haqlı mövqeyini ifadə edən Prezident İlham Əliyev bununla belə, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcminin 2,6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar olmasının ədalətli olmadığını, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntılardan əlavə, hər iki ölkənin əhalisinin sayı arasında kəskin fərqin olduğunu, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazinin tamamilə dağıdıldığını, həmin ərazilərdə 1 milyona yaxın mina basdırıldığını bildirərək belə olan halda yanaşmanın vahid standartlar əsasında və Azərbaycana da eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmasının vacibliyini bir daha diqqətə çatdırdı.
Prezident İlham Əliyev müsahibəsində ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti ilə də bağlı xalqımızın haqlı narazılığını ifadə etdi. Minsk qrupu 28 il ərzində uğursuz fəaliyyət göstərdi. Əgər Minsk qrupunun həmsədrləri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu o deməkdir ki, onların fəaliyyəti uğursuz olmuşdur.
Cənab Prezidentin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi həm də Azərbaycanın iqtisadi modelinin, əldə olunan nailiyyətlərin təqdimatı baxımdan da əhəmiyyətli oldu. Dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin təqdimatında Azərbaycanın artan iqtisadi qüdrəti barədə ətraflı məlumatlar əldə etdi. Bildirildi ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Bu dəhlizin işə düşməsindən isə Azərbaycanla bərabər Ermənistan, həmçinin bölgənin digər dövlətləri də xeyir əldə edəcəklər.
Ölkə başçısı müsahibəsində eləcə də Azərbaycan-İtaliya münasibətlərinə dair fikirlərini bildirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətləri sırasındadır. Bu gün İtaliya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası işində də fəal iştirak edir. Bütün bunlar Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir.
Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir. Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir.
Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Ölkəmizdə azad internet var və senzura mövcud deyil. Azərbaycanda bütün insan hüquqları qorunur.
Prezident İlham Əliyevin müsahibəsi əsnasında səsləndirdiyi fikirlər, verdiyi mesajlar regionda gedən proseslər haqqında müfəssəl məlumat almaq baxımından etibarlı mənbə qismində çıxış edir.
Mehnurə İsmayılova
“Tərəqqi” medalı ilə təltif olunmuş
Aşağı Tala 1 nömrəli tam ortaməktəbin direktoru