Ağstafada uşağın mükafatlandırmaya sandalla gəlməsi müzakirələrə səbəb oldu
Sosial şəbəkələrdə məktəblinin mükafatlandırma mərasiminə sandalla gəlməsi diqqət çəkib.
Oxu.Az xəbər verir ki, foto Baş Dövlət Yol Polisi İdarəsinin (DİN) təşkilatçılığı ilə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması zamanı çəkilib.
Belə ki, respublikanın bütün bölgələrindən iştirak etmiş məktəblilərin rəsmləri müsabiqəyə təqdim edilib və fərqlənən şagirdlər mükafatlandırılıb.
Müsabiqə qalibləri arasında Ağstafa rayonununun məktəblərindən birinin şagirdi F.N. də var. Məktəblinin mükafatlandırma mərasiminə sandalla gəlməsi diqqət çəkib və sosial şəbəkə istifadəçiləri soyuq hava şəraitində uşağın tədbirə bu formada gəlməsinə heç kimin diqqət etməməsinə etiraz ediblər.
Məsələ ilə bağlı Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəcibə Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qalib şagird həmin gün ayağını yandırıb:
“Məktəbli aztəminatlı ailənin uşağıdır. Müsabiqədə iştirak edib və qalib olub. Məktəb direktoru mükafatlandırma mərasiminə gedən zaman ona yeni üst geyimləri alıb. Lakin həmin gün ehtiyatsızlıqdan uşağın ayağına qaynar su tökülüb və ayağı yanıb. Bu səbəbdən valideyni uşağa ayaqqabını geyindirə bilməyib. Ona görə də uşaq mükafatlandırmaya sandal geyinərək gəlib. Tədbir müddətində də ayağını çəkərək gəzib. Sadəcə tədbirdə fotolar çəkilən zaman bu məqama diqqət olunmadığından belə bir anlaşılmazlıq yaranıb”.