Azərbaycanda kənd məktəblərində narkotik tapılıb? - AÇIQLAMA
“Məktəblilər və tələbələr arasında narkotik istifadəçilərinin olması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, bunu qəsdən yayırlar ki, cəmiyyətdə çaşqınlıq yaransın:
“Heç bir fakt yoxdur. Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta feyk-nyuslar belə diqqətdən kənarda qalmır. Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr də daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur”.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Qazax rayonunda kənd məktəblərində narkotik vasitənin tapıldığına dair məlumat yayılmışdı.