AzTehsil.com


Xəbərlər / Valideyn
05 dekabr 2021
1 358


Övladımızla hissiyyat dilində danışaq




Hamiləlik dövründə körpəmizlə yaradacağımız bağ haqqında xəyal qururuq. Sonra uşaq dünyaya gəlir və ilk dəfə onu qucağa alırıq. Bəzən sevgi ilə dolu xəyal köpüyümüz çox tez dağılır. Sakitləşdirməyə çalışdığımız körpəmizin davamlı ağlaması qarşısında aciz qalırıq. Körpəni qarın sancıları və köpün narahat etdiyini də bəzən gec başa düşürük. Tədricən bu ağlamaların, bu səslərin hər birinin öz mənası olduğunu və müəyyən ehtiyacı bildirdiyini anlayırıq. Bir qışqırıqda onun ac olduğunu, digərində bağırsaq qazının sancı verdiyini ayıra bilirik. Beləliklə, hər biri fiziki həssaslığı və ehtiyacı ifadə edən beş fərqli səsi ayırd edə bilərik: aclıq, yuxu, narahatlıq, bağırsaq qazı, gəyirmək ehtiyacı. Bu səslər, ağlamalar bütün uşaqlarda eynidir. Tədqiqatlar göstərir ki, ehtiyacdan yaranan narahatlıq aradan qaldırılmasa uşağın gərginliyi artır və həqiqətən ağlamağa başlayır.


Yalnız ilk aylarda deyil, sonrakı dövrlərdə də uşaqla mənəvi bağların qurulması vacibdir. Valideynlərin “kapriz” adlandırdıqları reaksiyaların çoxu əslində valideyn və uşaq tərəfindən informasiyanı emal etmə qabiliyyətilə əlaqəlidir. Qəzəb reaksiyası 3 qrupda təsnif olunur: 


taktil, vizual, audial.


Bu qrupların hər biri üçün xüsusi bir qəzəb tərzi müşahidə edilmişdir.


Taktil (toxunma) tərzdə qəzəb keçirən uşaqlar özlərini yerə atır və fiziki təzahürlərlə qəzəblərini göstərirlər.


Vizual (görmə) qəzəb tərzində uşaqlar qəzəblərini çox kəskin şəkildə ifadə edərək, 


güclü mimika ilə müşayiət olunan göz yaşları tökürlər.


Audial (eşitmə) qəzəb tərzində uşaqlar çox bərkdən, səslə qışqırırılar.


Ağlama krizi o zaman normal qarşılanır ki, uşaq təxminən 1-4 yaşlarında olsun. Bu zaman özünə və yanındakılara xəsarət verməsin, iki ağlama krizi arasındakı vaxtda ruh halı normal olsun. Digər hallarda mütəxəssis yardımı almaq yaxşı olar.


Ağlama krizi zamanı böyüklər nə etməlidir?


Sakitliyinizi qorumağa çalışın; 


Uşağın ehtiyaclarının nə olduğunu anlamağa çalışın (yuxuludurmu, yorğundurmu, acdırmı və s.);


Əgər yuxarıda qeyd olunduğu kimi bir ehtiyacı yoxdursa, uşağın ağlaması bitənə qədər gözləyin. Bu zaman sakitləşdirməyə çalışmaq işə yaramayacaq. Ona görə siz sakitcə gözləyin;


Əgər uşaq istədiyi bir şeyi vermirsiz deyə ağlayırsa, susdurmaq üçün istədiyini versəniz, ağlama krizini təkrarlama ehtimalını artırırsınız; 


“Yox” deməzdən əvvəl fikirləşin, qarşılana bilən bir istəkdirsə onu həyata keçirin, ya da “yox” dedinizsə fikrinizdən dönməməyə çalışın;


Ağlaması bitdiyində onu qucaqlayın, sevginizi göstərin; 


Ağladı deyə onu cəzalandırmayın. Ona diqqət verdiyinizi hiss etsin ki, diqqət çəkmək üçün ağlamağa ehtiyac duymasın.


Uşaqlarda bu cür davranışlar normaldır. Uşağın ağlamasından narahat olmazdan öncə buna əsas verən səbəbin  nə olduğuna, sizin bu davranışa necə reaksiya verəcəyinizə və bunun öhdəsindən necə gələcəyinizə diqqət edin. Bizim vəzifəmiz uşağın emosional həyatının zənginliyini qiymətləndirmək və onun çiçəklənməsinə kömək etməkdir.




Загрузка...