Çubuğun altında oxunan Şekspir: Mütaliəni uşaqlara necə sevdirə bilərik?
22 Oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür. Uşaqların mütaliəyə cəlb edilməsində ilk, çox vaxt da tək halqa bu kitabxanalardır desəm, səhv etmərəm. Bir uşaq oxumağa ehtiyac duyduqda kitabxananın qapısını mütləq açacaq, istəməsə, ona təzyiq edə bilməzsən. Təcrübəli müəllimlərin dediyi kimi: “Uşağı mütaliəyə məcbur edə bilməzsən, çünki çubuğun altında oxunan Şekspirin dəyəri bir qəpiyə də dəyməz”.
“Qəlb üçün” oxumağa tələbatın azalmasından gileylərin eşidildiyi bir zamanda iddia etmək olmaz ki, uşaqlıqdan mütaliə öz mövqeyini itirib. Sadəcə, yaş həddini dəyişdiyini demək olar.
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
İmkan yarandıqca məktəb kitabxanaları ilə tanış olur, uşaqların mütaliəyə marağının olub-olmadığı ilə maraqlanıram. Bu mövzuda şagirdlərlə ayrı-ayrılıqda sorğular edirəm. “Məktəb kitabxanası hansı mərtəbədədir?” sualıma cavab olaraq çiyinlərini çəkənlər də az deyil. Bir çox hallarda uşaqların bədii ədəbiyyata marağının olmaması faktları ilə qarşılaşıram.
Hazırkı məktəb kitabxanalarının rəflərində uşaqların maraqlarına xoş gələn ədəbiyyat az gözə dəyir. Çünki onların marağı mütaliəsi ilə öyünən 60-80-ci illərin şagirdlərinin marağı eyni deyil. Bu gün şagirdlər çətin ki, “Anna Karenina”nın faciəsini oxuyub təsirlənə, Drayzerin romanlarını mütaliə edib saatlarla düşünə, Ordubadinin inqilabi əsərlərindən həyəcanlana bilərlər. Onlar daha realistdirlər.
Məktəb kitabxanalarında yenə də sovet dövrünə xas “Kitab bilik mənbəyidir”, “Kitablar - keçmişlə gələcək arasında körpü”, “Kitab dünyaya səyahətdir” kimi şablon tədbirlər və əsərləri çox nəşr olunan yazıçı-şairlərlə formatı dəyişməyən görüşlər təşkil olunur. Təəssüf ki, bu kimi bəsit tədbirlər mütaliəni uşaqlara sevdirməyə yetmir.
Görüşlərin birində 7-ci sinif şagirdlərindən birinin üzünü büzüşdürərək mütaliəni sevmədiyini deməsi yadımdadır:
“Kitablar qalındır - hamısı darıxdırıcıdır. Məktəbdə bizə dərsdənkənar oxu verilir, ancaq mən yalnız ilk səhifələri oxuyuram, sonra uşaqlardan hadisələrin necə bitdiyini söyləmələrini xahiş edirəm”.
Bəli, bu gün ölkəmizdəki minlərlə uşaq elə dünyadakı uşaqlar kimi “darıxdırıcı kitablar” oxumaq istəmir. Harri Potter haqqında, “Yüz ən məşhur quldur” üslubunda kitablar istisna olmaqla onlar kitabları sevmirlər. Onların maraq dairəsində “Hörümçək adam”, “Fantastik dördlük”, xəyali super qəhrəman Halkdır. Mobil xəbərlərə, kompüter oyunlarına, yüksək texnologiyalara, komikslərə maraq onları dostları ilə söhbət etməyə daha çox həvəsləndirir.
Uşağına oxumağı öyrətməyi öz vəzifəsi hesab edən valideynlər isə durumdan narahatdırlar.
Dünyanın bir çox ölkəsində artıq məktəb kitabxanaları müəllim, uşaq və valideynləri bir araya gətirərək kitabxananı daha çox məktəbin mədəniyyət mərkəzi kimi təqdim etməyə çalışır. Hesab edilir ki, bu kitab vasitəsilə dünyaya çıxış baxımından əvəzsizdir.
“Əgər ölkədə pedaqoji məktəb kitabxanaları varsa, qalanları üçün narahat olmağa ehtiyac yoxdur. Belə bir kitabxanası olan məktəbdə böyüyən uşaqlar sonradan mədəniyyətin yox olmasına icazə verməyəcəklər. Ehtiyac duyduqları bütün kitabxanaları, məktəbləri və muzeyləri yaradacaqlar”.
Tanınmış kitabxanaçı G.P.Fonotovun bu fikirləri isə bütün məktəb kitabxanalarına həm məktəb rəhbərlərinin, həm də kitabxanaçıların özlərinin yanaşmasının dəyişməsini tələb edir. Bəlkə, o vaxt kitablar da “darıxdırıcı” təsir bağışlamaz...