Azərbaycanda məktəbdəki 44 min manatlıq yeyinti ilə bağlı cinayət işi başladı
Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax Rayon Prokurorluğunda aparılan araşdırma ilə qeyd edilən məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əməkhaqqı kartlarına köçürülən ümumilikdə 44 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.