Təhsil Nazirliyi növbəti illərdə təmayüllü siniflərin yaradılacağı orta məktəblərdə təmayül siniflərə şagird qəbulu qaydasının dəyişdirilib-dəyişdirilməcəyini açıqlayıb.
Aztehsil.com xəbər verir ki, nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Trend-ə bildirib ki, bundan sonra da təmayül siniflərin yarandığı məktəblərdə təmayül siniflərlə yanaşı, adi siniflər də təşkil olunacaq: "Lakin adi siniflərə şagird qəbulu könüllülük əsasında həyata keçirilir. Əgər şagird peşə təhsili almaq istəyirsə, biz ona adi sinifdə oxu deyə bilmərik. Bu seçimdə məcburiyyət yoxdur. O siniflərə qəbul yenə də adi qaydada aparılacaq. Yəni, 9-cu sinfi bitirən şagird ərizəsini verəcək və 10-cu sinfə qəbul olunacaq. Biz təmayül siniflərə qəbul üçün imtahanın keçirilməsi məsələsini qoymuruq. Sadəcə olaraq, ümumi orta təhsil müddətində seçdikləri istiqamətə daxil olan fənlər üzrə yaxşı nəticələr göstərən, imtahan qiymətləri yaxşı olan, eyni zamanda barəsində fənn müəllimlərinin rəyi müsbət olan şagirdlər təmayül siniflərə qəbul olunacaqlar. Yəni, "kimin üçünsə müsabiqə, imtahan keçirirəm” söhbəti olmayacaq. Çünki şagird 9 illik müddətdə yaxşı oxuyubsa, onun təkrar yoxlanmasına ehtiyac yoxdur”.
Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinin təhsildə əsas hədəflərdən biri olduğunu deyən A.Əhmədov qeyd edib ki, təmayül siniflərin tədris planları adi siniflərin tədris planından köklü şəkildə fərqlənir. Çünki təmayül siniflərdə tədris edilən fənlərin sayı azdır, proqramların məzmununda fərqlər var.
A.Əhmədov təmayülləşmənin tətbiqinin gələcəkdə lisey və gimnaziyaların fəaliyyətinə təsir göstərib-göstərməyəcəyinə də münasibət bildirib. Onun sözlərinə görə, təmayülləşmənin tətbiqi gələcəkdə lisey və gimnaziyaların fəaliyyətini məhdudlaşdırmasına gətirib çıxa bilməz. Hazırda lisey və gimnaziyalarda təhsilin müəyyən təmayüllər üzrə təşkil olunduğunu deyən A.Əhmədov əlavə edib ki, həmin müəssisələrdə təhsilin bu formada təşkili qalacaq və şagirdlər oraya qəbul olunacaqlar:
"Lakin əgər lisey və ya gimnaziyanın yaxınlığındakı məktəbdə təmayül siniflər yaratmağa imkan yoxdursa və adi siniflər yaradılsa, şagird istəsə, gəlib orada oxuya biləcək. Yəni, bununla bağlı məhdudiyyət yoxdur”.
Təmayül siniflər üçün proqramların bilavasitə şagirdlərin meyl göstərdiyi sahələr üzrə hazırlandığını deyən A.Əhmədov əlavə edib ki, təmayül siniflərə maraq çox böyükdür: "Məktəb direktorları, müəllimlər, şagirdlər də etiraf edirlər ki, təmayül siniflərin yaradılması ilə repetitorluğun qarşısı qismən alınıb. Bu, keyfiyyətə də müsbət təsir edir. Bu, ali məktəblərə qəbulda da öz təsirini göstərir”.
A.Əhmədov qeyd edib ki, indiyədək təmayül siniflərdə təhsil alan şagirdlər qəbul imtahanlarında çox yüksək nəticələr göstərirlər.
Qeyd edək ki, 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi hazırda 182 məktəbdə sınaqdan keçirilir. Təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər əksər rayon, şəhərləri əhatə edir.