Beləliklə, Nazirlər Kabinetinin qərarı bir qədər dəyişdirilərək, sabiq nazirin əmri ilə paytaxtın 11 rayon təhsil şöbələrinin ləğv edildi, yeni formalaşdırılan idarə məhz Bakı Şəhəri Baş Təhsil İdarəsinin bazasında deyil, Təhsil Nazirliyinin birbaşa tabelıyinə verildi. Nəticə olaraq, 16 bölmə, Metodiki mərkəz və Mərkəzləşdirilmiş mühasibatlıqdan ibarət.425 işçisi olan, hətta adının belə çəkilməsində müəyyən çətinlik yaşanan "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi” yaradıldı. Keçmiş müdirlərdən 5 nəfəri keçmiş direktor olan yeni müdirə müavin təyin edildi.
Bir növ, qabaqcadan anonsu verildi ki, idarə bundan sonra idarə müdiri tərəfindən deyil, birbaşa onun "patronu” olan Nazir tərəfindən idarə olunacaq. Beləliklə, həm nazirlikdən iki dəfədən artıq ştat vahidinə malik nəhəng bir idarənin rəhbəri, həm də 3-5 işçisı olan sektor rəhbərlərı müdir statusu aldılar. Deyəsən, yenə də ehtiyatlanıblar ki, birdən idarə rəhbəri əvvəllər olduğu kimi rəis adlandırılsa, kimsə buranı polis idarəsi kimi başa düşər.
"Strateji postlar” tutulduqdan dərhal sonra, digər "yardmçı” yerlərə təyinat üçün namizədlər arasında "möhtəşəm” test imtahanları və "geniş spektrli” müsabiqə və müsahibə prosedurlarına başlanıldı. İşə qəbul olunanların siyahısı elan olunarkən, imtahan keçirənlərdən savayı, nə imtahandan keçənlərdən, nə də keçməyənlərdən test nəticələrinin nədən ibarət olduğunu bilən olmadı. Narazıları susdurmaq üçün, daha çox aqresivlik göstərənləri 05 stavka ilə Metod mərkəzə yollamaqla sakitləşdirdilər. Metodmərkəz 116 əməkdaşdan ibarət komplektləşdirilərək, gözdən uzaq, könüldən iraq bir uşaq bağçasının binasında məskunlaşdırıldı. Müəyyən müddətdən sora metodıstlər yeri gəldikcə ixtisar olunaraq, onların sayı 116 -dan 70-ə endirildi. Daha sonra isə say bir qədər də azaldılaraq, metodistlər mentora, "Metod mərkəz” isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində "Təlimə Dəstək Mərkəzi”nə çevrilmiş oldu.
Çox keçmədi ki, ləğv edilən Baş idarənin məhz "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri "üzrə” Təhsil İdarəsi” adlandırılması və Təhsil Nazirliyinin birbaşa tabelıyinə verilməsinin gizli məqamları da üzə çıxdı. Halbuki, belə bir absurd adın düşünülməsi, o anlama gəlirdi ki, sanki digər idarə və şöbələr "dolayısı” yollla Nazirliyin tabeliyindədir, Bakı şəhər təhsili isə "bir başa”. Sən demə bu, keçmiş rəhbərliyə Nazirlikdə yeni şöbə açmaq və yeni əlavə ştat qazanmaqla bağlı yol verilən nöqsanları ört- basdır etmək üçün lazım imiş,
Elə də oldu. Nazirlikdə yaradılan "şəhərlər” və "kəndlər” üzrə ayrıca idarə və səlahiyyətlərin iki kurator nazir müavinləri arasında bölüşdürüldüyündən, şəhərlər ümumi təhsilə baxan kurator nazir müavinindən alınınaraq, Bakı üzrə təhsilə kurasiya şəhərlərə baxan Nazir müavininə həvalə olundu. Əvvəldən ümumi təhsilə baxan Nazir müavini isə kənd rayonları ilə kifayətlənməli oldu. Düzdür, bir müddət sonra yəqin ki, tarixçilərimizdən hansısa birinin dostcasına iradı nəzərə alınaraq, "Şəhər” və "Kənd” idarələrı birləşdirilib, yenidən əvvəlki vəziyyətinə qaytarıldı. Gec də olsa, başa düşüldü ki, sən demə şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması barədə hələ Sovet hakimiyəti quruculuğunun ilk illərində dekret verilibmiş.
Bu idarəni struktur etibarı yenidən formalaşdırmaqla bağlı nə qazandıq nə itirdik? Qazancla bağlı, məlum olan yeganə həqiqət odur ki, qazanan təhsilimiz olmadı. İtirilən isə, dövlətin havaya sovrulan milyonları və idarənin uzun illər və böyük səylər hesabına qazandığı nüfuz oldu. Elə isə, nazirlikdə olan şöbələrin sektor adı ilə dublikatını yaratmağa ehtiyac var idimi? Hələ 5 müavin qalsın bir yana...
O zaman, yuxarıda bəhs etdiyimiz "Sərəncam” və "Qərarın” icrası istiqamətində, idarəetmənin daha da təkmilləşdirilməsinə yardımçı ola biləcək, bir neçə layihə belə hazirlanmışdı. Bu layihələrdən ən diqqət çəkəni optimal və praktik sayılanı, bir çox metropolislərdə tətbiq olunan, mövcud idarənin bazasında Bakı şəhərinin "şımal”, "cənub”, "qərb” və "mərkəz” dairələrinı əhatə edən reqional şöbələrinin yaradılması idi. Yəni, ləğv olunan 11 rayon təhsil şöbəsinin əvəzinə 5 regional şöbə yaranırdı: - Qaradağ, Səbail, Yasamal - Nəsimi, Binəqədi - Nərimanov, Nizami - Sabunçu, Əzızbəyov (Xəzər) - Xətai, Suraxanı. Belə bir bölgü yalnız Mərkəzi mühasibatlığa və Metodik mərkəzə şamil edildi.
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli Prezident Sərəncamında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası"na əsasən, təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsində qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəsifələrdən biri kimi müəyyənləşdirilib.
Bu, acı da olsa, heç də tam olmayan faktları xatırlatmaqda məqsədim odur ki, keçmiş rəhbərliyin struktur "islahatları” bir əsrə bərabər olan, Respublika təhsilinin flaqmanı sayılan Bakı təhsilinin nüfuzuna ciddi zərbə vurdu, onu inkişaf və tərəqisini xeyli ləngitmiş oldu. Bakının bir ətrafəndan digər ətrafına qədər hardasa 150-160 km məsafə var. Çevikliyi və mobilliyi daha da yüksək səviyyədə təmin etmək üçün rasionallaşdırma və optimallaşdırma baxımından Bakı təhsil idarəsinin strukturuna bir daha baxılmalı, son illər bu istiqamətdə xeyli işlər görülməsini nəzərə alaraq, ən az.idarənin adından onun nüfuzuna xələləl gətirən "ÜZRƏ” sözü götürülməlidir...
Nadir Israfilov
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini