Tələbə kreditləri məsələsi uzun illərdir ölkəmizdə həll olunmamış problem kimi qalır. Bu səbəbdən bir çox gənc ali təhsildən kənarda qalır, çünki təhsil haqqı hər kəs üçün əlverişli deyil. Koronavirus pandemiyası ev təsərrüfatlarının gəlirlərinin azalmasına səbəb oldu və bu problemi daha da qabartdı. İndi maliyyə çatışmazlığı səbəbindən universitetdə təhsilinə başlaya və ya davam etdirə bilməyənlərin sayı çox olacaq.
Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda keçirdiyi brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə danışarkən təhsil haqları sahəsində problem olduğunu etiraf etdi. Bildirdi ki, bu məsələ universitetlərlə əlaqələndirilərək, fərdi qaydada həll olunmalıdır. Nazirin sözlərinə görə, hökumət və parlament arasında təhsilə verilən kreditlər barədə razılaşma planları var. Bunun üçün 80 milyon manat ayrılması planlaşdırılır.
Əmrullayev aztəminatlı vətəndaşlara, eləcə də yüksək akademik nəticələri olan tələbələrə təhsil üçün faizsiz kredit verilməsinin planlaşdırıldığını söylədi. Beləliklə, dövlət aztəminatlı ailələrin üzvlərinə və xüsusən də istedadlı insanlara ali təhsil almaq imkanı yaradır.
Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov bildirdi ki, təhsil kreditləri ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi təhsilin hamı üçün əlçatan olması və adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətin gücləndirilməsi baxımından irəliyə doğru atılan növbəti addımdır:
"Bəzən təhsil krediti, bəzi hallarda isə tələbə kreditləri adlandırılan bu anlayış təhsillə bağlı uzun müddətdən bəri ən çox müzakirə obyektinə çevrilən məsələlərdən olsa da, bu istiqamətdə müəyyən işlərin görüldüyünü inkar etmək də ədalətsizlik olardı”.
Təhsil eksperti xatırlatdı ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır və prezidentin sərəncamı ilə 11 500 tələbəyə sosial yardım göstərilib:
"Bu gün ali təhsil alan yüz tələbədən əlli altısı dövlət hesabına oxuyur. Hazırda I kursda oxuyan tələbələrin 60 faizindən çoxunun təhsil haqqını dövlət ödəyir. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi planlaşdırılır. Bununla bağlı dövlət büdcəsində 80 milyon manat vəsait nəzərdə tutulub. Ayrı-ayrı universitetlərdə tələbələrin müxtəlif kateqoriyalarına imkan daxilində müəyyən güzəştlər edilir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri əsasında yaradılan və fasiləsiz təhsili təşviq edən "Maarifçi” Tələbə Kredit Fondu bir sosial layihə kimi tələbələrin ölkəmiz üçün faydalı mütəxəssisə çevrilməsini hədəfə almaqla, onları təhsil prosesindən yayındıra biləcək qayğıları azaltmağı qarşısına məqsəd qoyub və s… Bu kimi misalların sayını artırmaq da olar. Son illərdə dövlət sifarişli yerlərlə bağlı müsbət dinamikanın müşahidə edilməsini də buraya aid etmək olar”.
Ekspertin sözlərinə görə, bu istiqamətdə atılan addımlar əsasən ünvanlı sosial yardım alan, valideynləri işsiz, əlilliyi olan, yüksək akademik göstəricilərə malik tələbələrin təhsil haqlarının ödənilməsinə hesablanıb ki, bu da "təhsil kreditinin fəlsəfəsində qabiliyyəti olan, ancaq imkanı olmayan tələbə durmalıdır” prinsipinə əsaslanır:
"Digər kateqoriyalara mənsub çoxsaylı tələbələrimizin də bu kimi dəstəyə ehtiyacını nəzərə alsaq, faizsiz olmasa belə, aşağı faizli güzəştlərlə onların da əhatə olunması əlbəttə ki, arzuolunandır. Bu baxımdan Boloniya prosesinin iştirakçısı olaraq dünya təcrübəsi əsasında "Təhsil kreditləri haqqında” çoxdan bəri vəd olunan, hətta layihəsi belə hazırlanan ayrıca qanunun qəbul edilməsi, əks halda isə müzakirə səviyyəsində olan "Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir. Bu kredit növü Azərbaycanda 2016-cı ildən tətbiq edilməyə başlanıb və hər kəsə ali təhsil almaqla, bərabər imkanların yaradılmasını nəzərdə tutur. Ancaq təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən banklar faiz dərəcələri ilə bağlı bu tip krediti təklif etməkdə maraqlı deyil. Təhsilə dair dövlət strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha göstərir”.
"Təhsil kreditləri özəl məktəblərdə təhsil alan şagirdlər üçün də əlçatan ola bilərmi” sualına gəldikdə isə N.İsrafilov bildirdi ki, özəl sektor Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsindən bir növ kənardır, baxmayaraq ki, təhsilin məzmunu və tədrisin təşkili ilə bağlı bir çox öhdəliklər onlara da şamil edilir:
"Heç kəsə gizli deyil ki, pandemiyanın yaratdığı fəsadlar özəl sektora da təsirsiz ötüşməyib. Məsafədən təhsilə keçid bu müəssisələrdə kontingent azalması ilə müşayiət olunub. Xatırlarmağa ehtiyac olmasa da, təhsil millətin gələcəyidir. Bu kimi məsələlərə dövlət dəstəyi ilə yanaşı, müxtəlif fondların, imkanlı müəssisələrin, iş adamlarının, sahibkarların cəlb olunması yalnız ümumi işimizin xeyrinə ola bilər. Unutmayaq ki, o qədər də uzaq olmayan keçmişdə bizdə messenatlıq ənənəsi olub. Bu ənənə nədənsə, bir az unudulub”.