"Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində çalışan müəllimlər və təhsil alan şagirdlərin onlayn təhsilinə dəstək üçün təlimlərə başlayıb.
Bu barədə Modern.az-a məlumat verən təşkilatın rəhbəri Gülsarə Həsənova bildirib ki, "Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilən ilk təlim Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 56 saylı saylı tam orta məktəbdə çalışan müəllimlər üçün təşkil olunub: "Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Şuranın Təhsil Nazirliyi ilə birgə 2020-ci il üçün qrant müsabiqəsinə təşkilat "Məcburi köçkün şagirdlər arasında peşə təhsilinin təbliği” layihəsi ilə müraciət etmişdi. Amma COVİD-19 pandemiyası bütün sahələrdə olduğu kimi bizim də fəaliyyətimizdə dəyişiklik etmək zərurəti yaratdı. Belə ki, respublikamızda COVİD-19 pandemiyasının yayılması səbəbindən əvvəlki layihədə nəzərdə tutulan tədbirlər Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək tədbirlərinə yönəltdik”.
G.Həsənova qeyd edib ki, pandemiya dövründə Azərbaycanın atdığı ən uğurlu addımlardan biri də məktəblərin bağlanmasından sonra dərhal onlayn təhsilə keçmək idi: "Belə ki pandemiyanın ilk dövrlərində bəzi ölkələrdə təhsil dayandırılandan sonra gözləmə mövqeyi tutuldu və tədrisin tezliklə ənənəvi qaydada bərpası gözlənildi. Amma təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanıldı. Martın 11-dən başlayaraq (məktəblərin bağlanmasından 7 gün sonra) ilk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlər aparıldı. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verilib, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunur. Həm müəllimlərin, həm də şagirdlərin qeydiyyatı təmin edilən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılıb. Hazırda portalda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları mövcuddur. Artıq bu onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyondan artıqdır. Biz də həm təhsilverənlərin, həm də təhsilalanların rəqəmsal bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi üçün onlara dəstək göstərməyi nəzərdə tuturuq. Ümumilikdə, layihə çərçivəsində 3 təlim müəllim, 3 təlim şagirdlər üçün olmaqla 6 onlayn təlimin keçirilməsini planlaşdırırıq. Bugünkü onlayn təlimdə Kəlbəcər rayon 56 saylı saylı tam orta məktəbdə çalışan 24 müəllim iştirak edir”.
Daha sonra "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli iştirakçılara "Microsoft Teams” proqramı ilə bağlı məlumat verib. Təlim "Microsoft Teams” proqramı üzərindən keçirilib. Təlim zamanı iştirakçılara "Microsoft Teams” proqramından istifadə imkanları, "Microsoft Teams” proqramının mobil versiyasının imkanları, "Microsoft Teams” proqramı vasitəsi ilə görüntülü və audio dərslərin keçirilməsi, onlayn test tapşırıqlarının hazırlanması, yoxlanılması, onlayn sinif iclaslarının və digər tədbirlərin keçirilməsi, o cümlədən müəllimlər üçün gündəlik dərs prosesində lazım olan digər məsələləri izah edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.