Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Prezident Sərəncamına uyğun olaraq media nümayəndələri ilə birlikdə "Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn Beynəlxalq elmi konfrans keçirib.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkə başçısının sözügedən sərəncamı ilə əlaqədar universitetdə keçirilməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib. Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev cəmiyyət həyatında xüsusi yer tutan Kütləvi İnformasiya Vasitələrinin (KİV) roluna diqqət çəkib, bildirib ki, 1875-ci il iyulun 22-də "Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub:” Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda medianın inkişafında önəmli ölçüdə irəliləyiş baş verib. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində mümkün olub. Ulu Öndər kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf və tərəqqi əldə edilib”.
Rektor Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını ağır pandemiya şəraitində belə, ölkədə mediaya göstərilən diqqətin sistemli nümunələrindən biri kimi xarakterizə edib.
E. Babayev əlavə edib ki, BDU-nun jurnalistika fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı kadr yetişdirərək respublikanın kütləvi informasiya vasitələrini jurnalist kadrlarla təmin edib və etməkdədir.
Rektor mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "Ekstremal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi" mövzusunda məruzə ilə çıxış edib. O, manipulyasiya anlayışı, informasiya cəmiyyəti, jurnalistin ekstremal vəziyyətdə davranış qaydaları, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti, ekstremal vəziyyətdə medianın funksionallığı, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin, milli və dövlət maraqlarının təmin olunması haqqında ətraflı məlumat verib.
Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli "Yeni media zamanın çağırışları kontekstində", Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan təmsilçisi, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli "Pandemiya dövründə medianın qlobal problemləri", "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Yazılı mətbuat və sosial şəbəkələr", Anadolu agentliyinin Orta Asiya və Qafqaz üzrə bölgə təmsilçisi Tolqa Özgenç "Pandemiya dönəmində Anadolu agentliyi və türk mediasının təsiri", Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi Anar Həsənov "Jurnalistika, sosial media və pandemiya: gündəmin qlobal çağırışları", Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı "Pandemiya dövründə xarici və yerli medianın fəaliyyəti", Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli "Elektron kütləvi informasiya vasitələrinin pandemiya şəraitində fəaliyyəti" mövzusunda çıxış ediblər.
Çıxışlarda milli mətbuatımızın keçdiyi inkişaf yolu, bugünkü uğurları, Ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğı, Ulu Öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatına hər zaman dəstək olması, müharibə vəziyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi və medianın məsuliyyəti, informasiya xaosu, mediada hərbi sirrlərin yayılmasının qarşısın alınması, pandemiya dövründə medianın fəaliyyət mexanizmi, "infodemiya” anlayışı kimi məsələlərə aydınlıq gətirilib.
Microsoft Teams platforması üzərindən təşkil olunan və qarşılıqlı diskussiya şəraitində davam edən Beynəlxalq elmi konfrans iştirakçıların böyük marağına səbəb olub.