MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans
Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan "Heydər Əliyev: dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib.
MDU-nun təşkilatçılığı, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının tərəfdaşlığı ilə keçirilən konfrans virtual formatda təşkil olunub.
Universitetin rektoru Şahin Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, milli iqtisadiyyatımızın güclənməsi, Azərbaycan ordusunun qüdrətlənməsi sahəsində misilsiz xidmətləri barədə danışıb. Ulu öndərin əziz xatirəsini dərin ehtiramla andıqlarını vurğulayan Ş.Bayramov Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə tədqiqatların aparılması və tələbə-gənclərin Heydər Əliyev kursuna sadiq vətəndaşlar kimi yetişdirilməsi baxımından digər ali təhsil müəssisələri kimi MDU qarşısında da mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan və onun genişmiqyaslı ictimai-siyasi fəaliyyətindən bəhs edib. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqların təmin olunmasına, azərbaycançılıq ideologiyasının inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verdiyini bildirib, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasının və güclənməsinin məhz dahi şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Ümummilli liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran İ.İsmayılov mövcud qlobal pandemiya şəraitində ölkəmizdə koronavirusla mübarizə sahəsində tətbiq edilən modelin bir çox beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi göstərildiyini söyləyib.
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov Ulu öndərin yaratdığı partiyanın hazırda təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu bildirib. O, YAP-ın Ümummilli liderin müəyyənləşdirdiyi dəyərlər əsasında inkişaf etdiyini və ölkəmizin tərəqqisinə töhfələr verdiyini xatırladıb, həmçinin YAP Mingəçevir şəhər təşkilatının dahi şəxsiyyətin zəngin irsinin təbliği sahəsindəki fəaliyyətindən də bəhs edib.
Sonra konfransda məruzələr dinlənilib. Virtual konfransa qatılan MDU əməkdaşları və tələbələri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr də aparılıb.