DİM-in şöbə müdiri buraxılış imtahanlarından danışdı
"Buraxılış imtahanlarının necə keçiriləcəyi, xüsusilə də, tarixləri barədə dəqiq məlumat verə bilmərik”.
AzTehsil.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova Azərbaycan Televiziyasının qonağı olan zaman deyib. O bildirib ki, bu tarixlərin müəyyən olunması Operativ Qərargahın qərarlarından asılıdır:
"Hazırda bütün dünya üçün qeyri-adi günlərdir. Ancaq abituriyentlər bunu belə qarşılamasın. Təhsil prosesinin dayandırılmaması üçün bütün şərait yaradılıb.
Onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər qeydiyyatdan keçərək bu imtahanlarda iştirak edə bilər. İmtahanlarda iştirak əsas onun üçün vacibdir ki, bildirdiyimiz kimi artıq rus, ingilis, gürcü dillərində təhsil alan şagirdlər üçün ana dili, yəni, Azərbaycan dili fənni üzrə imtahanın artıq onlayn qaydada keçirilməsi nəzərdə tutulub. Onlayn sınaqların mütamadi olaraq keçirilməsi bizdən asılı deyil. Bunun üçün ölkə üzrə yüksəksürətli internet olmalıdır. Bu səbəbdən onlayn imtahanlarının keçirilməsi üçün ilk növbədə Azərbaycan dili imtahanını seçmişik. Bu imtahanda kontingent nisbətən az – təxminən 7-8 min nəfərdir. Amma buraxılış imtahanlarında bu rəqəm 100 minə çatır. Təbii ki, belə imtahanlar onlayn keçirilən zaman burada bütün ölkə təmsil olunur”.