Bəzi ekspertlər məktəbləri mayın əvvəlində açmağa təklif edirlər. Bəli, təhsil çox vacibdir.
Lakin belə fors-major vəziyyətdə son qərar yalnız və yalnız epidemioloq, virusoloq, immunoloqlarla müzakirələrdən sonra verilməlidir. Bu olduqca məsuliyyətli qərardır. Nəzərə almaq lazımdır ki, tədris prosesinin indiki vəziyyətdə bərpa olunması koronavirusun yayılmasını qat-qat artıra bilər.
Bunun bir neçə səbəbi var.
Bildiyimiz kimi, uşaqlar əsasən koronavirusu yüngül keçirir, tez sağalır və onlarda ağırlaşmalar demək olar inkişaf etmir. Lakin araşdırmalar göstərir ki, uşaqlar koronavirusun ideal daşıyıcılarıdır və koronavirusa yoluxmuş uşaq ətrafdakılar üçün koronavirusa yoluxmuş böyükdən qat-qat daha təhlükəlidir. Bunun səbəblərini izah edək.
Quançjou Tibb Mərkəzinin (Çin) alimləri koronavirusa yoluxmuş böyüklərlə sıx kontaktda olan 745 müxtəlif yaşlarda olan uşaqları müayinə etdikdən sonra aşkar ediblər ki, onlardan yalnız 10 uşaqda koronavirus analizi müsbət nəticə verib.
MedicalXpress bildirir ki, uşaqların heç birində təhlükəli simptomlar yox idi, rentgen zamanı pnevmoniyanın simptomları aşkar olunmayıb. Yəni hətta uşaq koronavirusa yoluxarsa valideynlərin əksəriyyəti bunu koronavirus deyil, yüngül "soyuqdəymə” hesab edəcək və əksər hallarda həkimə müraciət etməyəcəklər. Uşaq yaşadığı ailədə yaşlılar və ya xroniki xəstələr varsa, bu onlar üçün çox ciddi təhlükədir. Bu birinci səbəbdir – uşaqlarda koronavirusun gizli, cüzi simptomlarla inkişafı.
Növbəti səbəb. Uşaqlar tam sağalandan sonra hələ uzun müddət ərzində ətrafdakıları koronavirusa yoluxdura bilirlər. Çin alimlərinin müşahidələrinə görə, tam sağalandan sonra uşaqlarda koronavirus analizi hələ 13 gün ərzində müsbət nəticə verirdi. Bu o deməkdir ki, tam sağalmış bu uşaq hələ uzun müddət ərzində ətrafdakılar üçün ciddi təhlükə yaradırdı.
Bütün bunları nəzərə alaraq alimlər belə nəticəyə gəliblər ki, uşaqlar koronavirusun ideal daşıyıcılarıdır və məhz uşaqların koronavirusa yoluxması bütün cəmiyyət üçün çox təhlükəlidir.
Bu səbəbdən bir çox ölkələrdə məktəblər bağlanıb və uşaqlar dərsləri onlayn keçir.
Azərbaycanda koronavirusla vəziyyət digər ölkələrlə müqayisədə ağır deyil. Lakin yoluxma halları hər gün qeydə alınır və yoluxanların sayı getdikcə artır. Həmçinin daxili yoluxma halları da var.
Əgər məktəblər yaxın həftələr ərzində açılarsa, vəziyyət kəskin ağırlaşa bilər. Xüsusilə bu şəhərlərə aiddir.
"Sosial məsafə”, "maska taxmaq” və s. gözəl qaydalar uşaq kollektivində yalnız ilk tənəffüsə qədər keçərlidir. Həmçinin uşaq kollektivində gigiyena qaydaları da tez-tez pozulur. Bunları nəzərə alaraq məktəbdə hətta bir neçə uşaq koronavirusun gizli daşıyıcısı olarsa, bu bütün uşaqların və həmçinin müəllimlərin yoluxmasına səbəb olacaq.
Nəzərə alsaq ki, məktəbdən evə qayıdan uşaq burada koronavirusa görə ən həssas əhali qrupuna aid olan nənə-baba ilə sıx ünsiyyətdə olur, bu çox ciddi problemlərə gətirib çıxarda bilər. saglamolun.az