AzTehsil.com
RU


Xəbərlər
24 yanvar 2017
4 203


Fizika və texnologiya fakültəsində yenilik-reytinq balları hesablanır



Fizika və texnologiya fakültəsində yenilik-reytinq balları hesablanır

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin elmi-pedaqoji səviyyəsini yüksəltmək məqsədilə reytinq ballarının hesablanması mexanizminin tətbiqinə başlanılıb. Artıq 2016-cı il üçün kafedraların və hər bir müəllimin ayrı-ayrılıqda reytinq balları hesablanıb. Fakültənin dekanı, fizika-riyaziyyatr üzrə fəlsəfə doktoru Arzu Daşdəmirovun verdiyi məlumata görə, reytinq sistemi gələcəkdə də tətbiq ediləcək və qazanılmış ballar 2017-ci ilin sonunda fakültənin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi fakültə Elmi Şurasında təqdim olunacaq. Qeyd edək ki, yeni mexanizm müəllimlərin elmi-pedaqoji səviyyəsinin real qiymətləndirilməsinə imkan verəcək, onların öz üzərlərində işləyərək bilik və bacarıqlarını təkmilləşdirmələrinə səbəb olacaq.
 
Hesablama nəticəsində 30 baldan aşağı reytinq balı toplayan müəllimlərin vəzifələrinə uyğun olub-olmaması barədə qərar qəbul ediləcək. Reytinq ballarının hesablanması zamanı müəllimin elmi-pedaqoji fəaliyyətinin bütün istiqamətləri-monoqrafiya, dərslik, proqram, metodiki göstəriş, impakt-faktorlu jurnallarda çap edilmiş məqalə və sair ilə yanaşı, həm də tələbələrin rəyi də nəzərə alınacaqdır. Bu barədə qərar fakültənin Elmi Şurasının geniş tərkibdə keçirilmiş iclasında qəbul edilib.
 
Arzu Daşdəmirov qeyd edib ki, yeni mexanizm fakültədə şəffaf və obyektiv təhsil mühitinin yaradılmasına, təlim prosesinin düzgün planlaşdırılmasına və son nəticədə müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli pedaqoji kadrların hazırlanmasına şərait yaradacaq.
 
aztehsil.com



Загрузка...