AzTehsil.com


Xəbərlər / Psixoloq
06 yanvar 2020
2 669


İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri



İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

 

İntihar halları niyə son zamanlar daha da artmışdır?

İntihar mövzusu son zamanlar  demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir. "Universitetə girə bilməyən gənc qız çıxış yolun intiharda gördü”, "İşin itirən gənc oğlan özünü asaraq intihar etdi”, "Ailəsinə baxa bilməyən ata özünü yandırdı”, "10 yaşında balaca qız serialda gördüyü intiharı təkrarladı”. Bunun kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur. İntihar etmək yolları elə bil yoluxucu xəstəlik kimi sürətlə yayılır. Media isə problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir və intihar etmə üsullarından dərs keçir. Bu psixoloji sarsıntı keçirənlərə, dərdlərinə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır.

Tam əksinə olaraq, bizim milli mənəvi dəyərlərimizdə intihar hər zaman yaxşı olmayan bir əməl kimi görülüb. İntiharla ölümün qeyri-adi hal kimi qarşılanmağının əsas səbəbi dini inancımızda günah, adətlərimizdə özünə qəsdin cəmiyyət tərəfindən zəiflik kimi qarşılanmağı, intihar edənin yaxınları tərəfindən tezbazar ört-basdır edilməsi və bunun bir ayıb sayılmağıdır. Əslində Azərbaycanda intihara həm Avropadan, həmdə uzaq Şərqdən daha az rast gəlməsinin əsas səbəbi də budur. Dünyanın qloballaşmasının, bir ev halına gəlib, mədəniyyətlərin inteqrasiyası cəmiyyətimizə bir çox yaxşı tərəflərinin olması ilə bərabər təəssüf ki, intihar kimi mənfi halların artmasına da səbəb olur. Bəhs edəcəyimiz mövzuda intihar nə deməkdir, intihar qərarını verən bir fərd hansı düşüncə mərhələlərindən keçir, intihara aparan yollar və dinamikası, intiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri, intihar bir çıxış yoludurmu, yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa necə kömək edə bilərik kimi suallara cavab verməyə çalışacağam.

İntihar nə deməkdir?

Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa, ya da dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir . İntihar eyni zamanda dözülməz dərdlərin, daşınmaz məsuliyyətlərin, çaşmış, pozulmuş, gücü zəifləmiş qürurun seçdiyi bir həll yoludur. İntiharın sonu ölüm, intihara aparan yol isə intihar düşüncəsi ve intahara cəhddir . İntihara cəhd ölümlə nəticələnməyən, amma başqaları tərəfindən də qarşısı alına bilməyən insanın özünə zərər vermə davranışıdır. Dünyadakı ölümlərin 1%-ni intiharlar təşkil edir, ölüm səbəbləri içərisində isə ilk 10 səbəbdən biri intihar olaraq qeyd edilir. Dünya Səhiyyə Təşkilatının (WHO) statistikasina görə dünyada hər 40 saniyədən bir intihar sonrası ölüm olur.

İntihar qərarının verən bir fərd hansı düşüncə mərhələlərindən keçir?
İntihara cəhd edənlərin böyük bir hissəsi böhranlı – krizis halındakı səbirsizlik və çarəsizlik hissləri içində əmələ gələn, "kömək et” çağırışı və ya çətinlik çəkdiyi vəziyyətdən uzaqlaşma istəyi daşımaqdadır. Krizis – böhran halı isə insan həyatında gözlənilmədən ortaya çıxan həlli çətin və travmatik hadisələr nəticəsində verilən bir cavab halıdır. Əslində kriz halı patoloji bir vəziyyət deyildir. Hər bir insanın həyatı boyu hər yeni çətinliklərlə qarşılaşdığı vəziyyətdir. Bu da məlumdur ki , hər hansı bir böhranlı vəziyyətdə fərdlərin verdiyi reaksiyalar fərqli olur. Məhz buna görə də böhranlı-krizis vəziyyət dedikdə hər hansı təhdidedici hadisə deyil, insanın bu hadisəyə verdiyi emosional cavab adlandırmaq daha doğru olar.

Bunlara yaxın insanın ölümü, boşanma, məcburi köç etmək, travma sonrası yaşanan krizis hallarına misal göstərmək olar. İnsan həyatı boyu yeniyetməlik, gənclik, evlilik, hamiləlik, uşağın anadan olması, yaşlılıq kimi krizis dönəmlərindən keçir. Bu krizislər zaman ərzində fərdin həmin anda verdiyi cavabdan asılı olaraq gələcək həyatında daha da böyüməsinə, təcrübə qazanmasına və ya tam əksinə eyni halı təkrar yaşayarsa, daha çox stressə məruz qalacağına gətirib çıxardır. Bunu daha yaxşı anlamaq üçün krizis anındakı duyğu və düşüncələrin necə inkişaf etdiyinə baxaq;

Krizis zamanı duyğu və düşüncələrimiz necə dəyişir?

Krizisin birinci mərhələsi – fərdin qaça bilmədiyi və ya həll edə bilmədiyi problemə verdiyi ilkin cavab reaksiyasıdır. Bu vaxt fərdin əvvəlcədən öyrəndiyi problem həll etmə yollarının heç biri işə yaramır və fərd şiddətli bir çarəsizlik içində təlaşlanır və sanki bütün qapıların üzünə bağlandığını hiss edir ve fərdin acizliyi, gücsüzlüyü ortaya çıxır. Nəticədə bu da özünə qarşı əsəbilik, küskünlük kimi hissləri yaradır.

Krizisin ikinci mərhələsində həll olmayan problemlərə yeni yollar axtarılır, bu mərhələdə insan bütün imkanlarını səfərbər edir və bütün qüvvəsi ilə sanki düşmən͟ olan problemə qarşı son hücuma keçir, bu mərhələdə də problem həll olmazsa, enerjisi azalan fərdin tələsgənliyi, səbirsizliyi, yerində dura bilməmək kimi hissləri dayanılmaz səviyyəyə çatır. Рəmin an hər tərəfdən təzyiq edilirmiş kimi bir hiss yaranır. Belə vəziyyətdə insan artıq əsl olan problemdən deyil, bu problemin əmələ gətirdiyi təzyiqdən bir an öncə qurtulmağa çalışır, buna görə də krizis dönəminin bu mərhələsi ən qısa mərhələdir. İntiharların böyük bir qismi krizin bu mərhələsində daha çox çarəsizlik, ümidsizlik, səbrsizlik hissləri içində edilən, insanlardan kömək istəmə və ya acizliyin gətirdiyi məcburiyyət qarşısında qalma halından uzaqlaşmaq üçün edilir.

Krizin üçüncü mərhələsi – əslində kriz halından təxminən 2 ay sonra hər hansı bir şəkildə də olsa, problem həll olur. Bu həll fərdin krizdən əvvəlki həyat tərzinə ya yaxşı, ya da pis yöndə təsir edər. Problem həll etmək bacarığı yetərsiz olan fərdlər yeni çıxış yolları axtarar, ancaq çıxış yolu tapılmazsa və ya tapılan həll yolu ilə problem çözülməzsə, o zaman krizin üçüncü mərhələsi başlayar. Hansi ki, bu özünü iki cür biruzə verə bilər. Biri iradi olaraq insanın çəkilən iztirablar və ağrılar yerinə ölüm seçimi – intihar, ikinci isə qeyri-iradi olaraq orqanizmin bir növ qoruyucu funksiyası olan geri çəkilmə, yəni psixi xəstəliklər ortaya çıxır.

İntihara aparan yollar
 Psixoz xəstəlikləri və ya formalaşmamış şəxsiyyətlər: adam özünü öldüməklə əlaqəli əmredici tərzdə səs hallusinasiyaları eşidə bilər.
İnsanin özünə çevrilmiş cinayət: bu cür intiharlarda intihar edənin başqa birinə qarşı çox böyük kini vardır. Bəzi səbəblərə görə kini ifadə edə bilməz və kin insanin özünə qarşı çevrilir. Simvolik olaraq qarşısındakı adamı öldürəcəyin düşünür.
Rədd etməklə və ya tərk etməklə ətrafını qorxudan gənc intiharı, bir güc mənbəyi olaraq göstərir.
Şantaj və ya sui istifadə: Əgər mənə yaxşı münasibət göstərməsəniz, sonra çox peşman olacaqsınız. Bu zaman fərd intihardan qorxutmaq üçün istifadə edir.
Sevdiyi insanları ölümlə itirənlərin onlara yenidən qovuşması: intiharı qovuşmanın bir yolu olaraq qəbul edirlər.
Bağışlanmaz günahların təmizlənməsi: günah və çirkin hisslərdən təmizlənmənin tək yolu intihar qəbul edilir.
Kömək və ya nəvaziş görmək üçün diqqəti özünə çəkmək: probleminin nə olmağından aslı olmayaraq fərd intiharı kimi çıxış yolu seçir.
İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri
WHO statistikalarında bu yaş dövrləri arasında ən çox intihar düşüncəsi olanlar yeniyetmələr, ən çox intihar düşüncələri ölümlə nəticələn qrup isə yaşlılarda qeydə alınmışdır. ABŞ-da yeniyetmələrin 20%-nin intihar düşüncəsi olduğu, 8%-nin intihara cəhd etdiyi, bunların 3%-nin isə tibbi müalicəyə ehtiyacının olduğu bildirilir, intihar edən yeniyetmələrin 80%-nin də müxtəlif psixi xəstəliyi olduğu aşkarlanmışdır. Valideynlər tərəfindən rədd edilmə, arzu olunmayan hamiləlik, dərslərində başarısızlıq, dava etmək, sevgilisindən ayrılmaq, valideyinlərin boşanması və ümidsizlik yeniyetmə yaşında intihar etməyə əsas risk faktoru sayılır. Yaşlılarda əsas intihar səbəbi kimi yalnızlıq, ümidsizlik, maddi təminatın olmaması, xroniki ağrıların olması əsas risk faktorlarından sayılır.

İntihar bir çıxış yolumudur?

İntihar edən şəxs bu yolu yeganə çıxış yolu olaraq gördüyündən bu fikri dəyişdirmək olduqca çətindir. Əgər birinin yemək alacaq qədər pulu yoxdursa, yanına gedəcək, kömək istəyəcək bacı qardaşı və ya yaxın bildiyi bir adamı yoxdursa, əl açdığı, diləndiyi, tanımadığı insanlar tərəfindən də alçaldılma görürsə, düşüncəsində intihar edəcək vəziyətə gələ bilər. Və yaxud da həmişə yüksək vəzifədə olub, hamı tərəfindən hörmət, sayqı görən bəzi insanlar vəzifədən çıxarılınca əvvəlki hörmətin qoyulmaması, dost tanışının olmaması, axtarılan, vacib adam olmaması həmin insanlarda dünyada artıq adam, lazım olmayan şəxs, vaxtı keçmiş insan kimi düşüncələr intihara gətirib çıxardır. İntihar düşüncəsi olan insanların düşüncələri dəyişənədək daim yanında onu qoruyacaq adama ehtiyac vardır.

İnitharın hər zaman ölümlə nəticələnməyəcəyini də xatırlatmaq bəzən faydalı ola bilər. Ölmək üçün cəhd edib, amma ömürlük şikəst olub, əlil arabalarında gəzənləri və ya yaxınlarının, sevdiyi insanların onun bu vəziyyətinə çox üzüləcəklərin xatırlatmaq faydalı ola bilər. Çıxış yolu kimi dövlətin sığınacaqlarından faydalanma imkanlarının olduğunu qeyd etmək, yaşlılar üçün qocalar evi, evsizlər üçün müvəqqəti sığınacaqlar və ya müxtəlif dərnək və xeyiriyyə cəmiyyətlərindən yardım istəmək olar . İnanclı insanlara isə intiharın günah olduğun xatırladıb, bu ölümün yenə də ona rahatlıq gətirməyəcəyin demək çox zaman intihar düşüncəsindən uzaqlaşdırır.

Yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa, necə kömək edə bilərik?

Ümumiyyətlə intihar edəcəyini istər zarafatla, istərsə də ciddi olaraq dilə gətirən insanlara qarşı çox diqqətli olmaq lazımdır. Unutmamaq lazımdır ki, intihar etmək fikrini dilə gətirən hər 5 insandan biri intihara cəhd edir və intihara cəhd edən hər 10 insandan biri ölür. Bu rəqəmlər bir adam intihardan danışırsa, sadəcə diqqəti cəlb etmək istəyir. Həqiqətdə belə bir təhlükə yoxdur fikrinin nə qədər səhv olduğun və bunun zarafatının belə ölümlə nəticələnə biləcəyin unutmamaq lazımdır.

İntiharı son çıxış yolu kimi seçim edən insanlara həkim yardımı ilə bərabər ediləcək başlıca iki yardım var. Bunlardan biri tək qoymamaq və intihar düşüncəsindən başqa alternativ yollar axtarmaq. Əlbəttə, burada intihar riskinin dəyərləndirilməsi də çox mühimdir. İntihar planının olması, hal-hazırki emosional vəziyyətin depressiv olması və ya həyəcanlı olması, ümidsizlik, daha öncədən də intihar cəhdinin olması, ani çıxan krizis vəziyyəti, qəzaya bağlı bir və ya bir neçə orqanın itirmək, sosial təminatın azlığı və ya yoxluğu intihar üçün əsas risk faktorlarıdır. İkinci olaraq da bu faktorların mümkün olduğu qədər tez aradan qaldırılması və gələcəyə doğru reallaşa bilən ümidlərin verilməsi lazımdır.
 
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
 



Загрузка...
Həmçinin oxuyun: