AzTehsil.com


Tədris işləri üzrə dr/müavini / Direktor / Müəllim
03 fevral 2017
17 472


DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ



DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

 

Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi tədris planları əsasında qurulsa da, bu prosesin normal təşkilini təmin edən əsas sənəd dərs cədvəlidir. Məhz buna görə də dərs cədvəlinin tərtibinə ciddi diqqət yetirmək lazımdır.

Ümumtəhsil məktəblərində aparılan müşahidələr göstərir ki, bəzi hallarda dərs cədvəllərinə verilən metodiki, pedaqoji, gigiyenik tələblərə düzgün əməl olunmur. Bu isə müəllimlərin iş qabiliyyətinin aşağı düşməsinə, şagirdlərin isə həddindən artıq yorulmalarına gətirib çıxardır Ona görə də ümumtəhsil məktəblərinin dərs cədvəllərinin tərtibində aşağıdakı tələblərə maksimum dərəcədə əməl olunması tövsiyə edilir.

Dərs cədvəllərinə verilən başlıca tələb, hər şeydən əvvəl dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.

Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü dördüncü və beşinci günlərdə onların iş qabiyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə başlayırlar. Axırıncı təlim günü şənbədə isə şagirdlərin diqqəti zəifləyir. Onlar, yorulduqlarından qeyri-ixtiyarı olaraq istirahətə hazırlaşırlar.

Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq ancaq ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır. Birinci məşğələ saatında, beşinci, altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olurlar.

Həftəlik dərs cədvəlini tərtib edərkən aşağıdakı metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir.

* Fənlərin çətin tədris edildiyi günlərdən onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi və nəğmə, əmək təlimi kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl bədən tərbiyəsi dərslərinin keçirilməsi məqsədəuyğun deyil, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüksəlməsi kalliqrafiyaya təsir göstərir;

* Çətin fənlər üzrə ikidən artıq dərsin cədvələ ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər, dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.

* Tədrisinə həftədə iki saat vaxt ayrılan fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların aralarında iki-üç gün, tədrisinə həftədə üç saat verilən fənlər üzrə isə dərslər arasındakı fasilə hər gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirməmələri imkan verir.

* Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilir.

Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və əmək təlimi üzrə də qoşa dərslərin təşkili tələb olunur. Bazar ertəsi və şənbə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə:

* Müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsrləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır;

* Müəllimə hər bir təlim günündə bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir. Əgər müəllim bu gün birinci növbədə oxuyan sinifdə dərs deyirsə, onda o, sabah ikinci növbədəki sinifdə dərs deməlidir. Bu işdə dil və riyaziyyat müəllimləri istisna edilir, çünki onlar demək olar ki, hər gün tədris edilir. Müəllim üçün birnövbəli məşğələlər mümkün olmadıqda həmin günlərdə dərsləri elə bölüşdürmək lazımdır ki, növbələr arasında fasilə əmələ gəlməsin.

Fasiləsiz mümkün olmadıqda, fasilənin müddəti minumum olmalıdır;

* Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir;

* Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir;

* Pedaqoji təhsil müəssisələrinin qiyabi təhsil alan müəllimlərinə zəruri məşğələlər üçün həftədə azad günlər ayrılmalıdır;
* Dərs cədvəllərinə yeni işə başlayan gənc müəllimlərin təcrübəli müəllimlərin dərslərində iştirak etmə imkanları nəzərdə tutulmalıdır;

* Həm birinci, həm də ikinci növbələrdə sinif rəhbərlərinin dərsdən sonra iclas və söhbət keçirmələri üçün bazar ertəsinin dərs cədvəlinin sonuncu saatlarına sinif rəhbərlərinin dərslərinin salınması tövsiyə edilir. Həmin günlərdə sinif rəhbərlərinin siniflə işləmələri üçün başqa məşğələlərdən azad olunmaları məsləhətdir.

Malik Aranlı, Əməkdar müəllim
 




Загрузка...