AzTehsil.com


Xəbərlər / Müəllim
09 oktyabr 2019
3 020


Müəllimlərə müraciət və şad xəbər



Müəllimlərə müraciət və şad xəbər

 

 
"Dövlət İmtahan Mərkəzi tərəfindən ilk dəfə 1-4-cü sinif dərslikləri əsasında fənn kurikulumlarına uyğun olaraq Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən qiymətləndirmə tapşırıqları kitabçaları yaxın vaxtlarda çap olunacaq”.

Bu sözlər Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyevaya aiddir.

Afiqə Batıyeva yeni tədris ilində DİM tərəfindən həyata keçiriləcək yeni layihələr, elmi-metodiki seminarların fəaliyyəti və digər vacib məsələlərlə bağlı   müsahibə verib.

-Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən elmi-metodiki seminarlar təşkil olunur. Yeni tədris ilindən etibarən seminarların fəaliyyətində hansı yeniliklərin edilməsi nəzərdə tutulub?

-Dövlət İmtahan Mərkəzində  (DİM) oktyabrın 9-dan növbəti dəfə fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq. Bununla bağlı bütün hazırlıq işləri başa çatıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə, AMEA-nın müvafiq İnstitutlarına məktublar və seminarların iş qrafikləri göndərilib. DİM-in internet saytında (dim.gov.az) elan, qrafik və iş planı yerləşdirilib.

1995-ci ildən fəaliyyətə başlayan bu seminarlarda buraxılış və qəbul imtahanlarının  məzmunu ilə bağlı və imtahanlara hazırlaşan gənclərə, şagirdlərə, müəllimlərə metodiki köməklik baxımından materiallar hazırlanır, müzakirələr aparılır.

Hazırda Mərkəzdə 15 fənn üzrə elmi-metodiki seminar fəaliyyət göstərir: Azərbaycan dili və ədəbiyyat; Azərbaycan dili (təlim rus dilində olan məktəblər üçün); Rus dili( xarici dil kimi); Rus dili və ədəbiyyat; Riyaziyyat; Fizika; Kimya; Tarix; Biologiya; Coğrafiya; İngilis dili; Alman dili; Fransız dili; Ərəb dili; Fars dili

Ötən illər ərzində elmi-metodiki seminarların işi xeyli təkmilləşib, fəaliyyət dairəsi genişlənib. Seminarlarda iştirak edən mütəxəssislərin sayı ildən-ilə artıb. Hazırda seminarlarda 2000-dək orta və ali təhsil müəssisələrinin müəllimləri, tanınmış alimlər, Milli Elmlər Akademiyasının mütəxəssisləri, metodistlər iştirak edirlər. Bu seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır. Arzu edən hər bir şəxs DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsində  qeydiyyatdan keçərək  müvafiq seminarın işində iştirak edə bilər.

Seminarlar həm Bakıda, həm də regionlarda keçirilir. DİM-in Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Şirvan, Bərdə və Şəmkir regional bölmələrinin xətti ilə ötən dərs ilində DİM-in Direktorlar Şurasının Sədri M.Abbaszadənin  və  aparıcı ekspertlərin iştirakı ilə respublikanın müxtəlif  bölgələrində buraxılış və qəbul imtahanları fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. Bakı şəhərində  272, 10 rayonda (Gəncə, Şəki, Ağcabədi, Şəmkir, Lənkəran, Şirvan, Göyçay, Salyan, Neftçala, Xaçmaz, Naxçıvan, İsmayıllı, Quba, Xızı) 60 seminar təşkil olunub. Beləliklə, proqramların və imtahan modelinə uyğun tapşırıq nümunələrinin hazırlanmasında və müzakirəsində respublika müəllimlərinin, demək olar ki, çoxu iştirak edib. Bu il də regionlarda seminarların keçirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, dünya təhsil sistemində böyük dəyişiklərin müşahidə olunduğu bir vaxtda Azərbaycanda da bu sahədə yeniliklər tətbiq edilir. 1999-cu ildən ölkədə təhsil sahəsində islahatlara start verilib. Bunun nəticəsi olaraq, 2008-ci ildən respublikanın ümumi təhsili həyata keçirən müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək "yaddaş” məktəbindən "təfəkkür” məktəbinə keçilib. Yəni məktəbin funksiyası yalnız bilik verməklə bitmir,  həm də burada qazanılmış bilikləri gələcək həyatda  tətbiq etməyə imkan verən bacarıq və kompetensiyalar formalaşdırılır.

Həmin dövrdən başlayaraq tədris prosesində yeni təhsil standartları əsasında hazırlanmış dərsliklərdən istifadə edilir.



DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanların məzmunu bilavasitə tədrislə bağlı olduğu üçün bu islahatlarla əlaqədar olaraq imtahanların məzmununa aid materialların hazırlanması və onların yoxlanılması prosesində yeni yanaşmaya ehtiyac yarandı. Müəllimlərin fənn kurikulumlarını mənimsəməsi, tədris prosesində yeni üsulları tətbiq etməsi və  şagirdlərin bacarıqlarının yeni meyarlarla ölçülməsi aktual məsələyə çevrildi.

Bununla bağlı DİM-də müəyyən işlər görülür. İlk növbədə, imtahan və metodiki materialların hazırlanmasına cəlb edilmiş müəllimlər, mütəxəssislər üçün seminarlarda təlimlər keçirilir. Təlimlər bir neçə mərhələdə təşkil olunur. Birinci mərhələdə ümumtəhsil müəssisələrində istifadədə olan dərslik və dərs vəsaitlərinin monitorinqi aparılır. Monitorinqlə bağlı təlimlərdə təhsil proqramlarının mahiyyəti, strukturu və monitorinqin aparılması üçün hazırlanmış meyarlar haqqında məlumat verilir. Dərsliklərdəki materialların kurikulumlara uyğunluğu yoxlanılır, səhvlər, mübahisəli məqamlar varsa, dəqiqləşdirilir və rəylər hazırlanır. Sonrakı  mərhələdə buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan alt standartlar seçilir və mövzular əsasında proqramlar, yeni tapşırıq modelləri, metodiki materiallar  hazırlanır. Bu zaman dərsliklərin  monitorinqi ilə bağlı  rəylər nəzərə alınır. Bu mərhələdə həmçinin yeni tapşırıq formalarının, onların qiymətləndirmə meyarlarının hazırlanması ilə əlaqədar treninqlər keçirilir.

Məlumat üçün bildirim ki, buraxılış imtahanları ilə bağlı materiallar: proqramlar, seçilmiş alt standartlar, yeni tapşırıq nümunələri, qiymətləndirmə meyarları  "Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunur. Qəbul imtahanlarının materialları isə "Abituriyent” jurnalının birinci sayında verilir.



-Yeni dərs ilində hansı yeni layihələrin həyata keçirilməsi planlaşdırılır?

-Hər il olduğu kimi bu il də Dövlət İmtahan Mərkəzi tərəfindən yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Təlimin qarşısında duran mühüm vəzifələrdən biri də şagirdləri özünütəhsilə – müstəqil təhsilə hazırlamaqdır. Dövlət İmtahan Mərkəzində bu nəzərə alınaraq, ötən illərdə olduğu kimi, cari  tədris ilində də buraxılış və qəbul imtahanlarına müstəqil hazırlaşmaq üçün fənn kurikulumlarına uyğun layihələr hazırlanıb, yeni qiymətləndirmə tapşırıqları kitabçaları və vəsaitlər  nəşr edilib.

Layihələrdən biri dərsliklərdəki mövzular əsasında vizuallaşdırılmış dərslərin hazırlanmasıdır. Hazırda Azərbaycan dili, ingilis dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix, biologiya və kimya  fənlərindən 5-7-ci sinif dərslikləri əsasında vizuallaşdırılmış dərslər hazırlanıb və Dövlət İmtahan Mərkəzinin youtube kanalında yerləşdirilib. Digər vizuallaşdırılmış dərslər yaxın vaxtlarda youtube kanalında yerləşdiriləcək.

Digər layihə buraxılış və qəbul imtahanları modellərinə uyğun onlayn sınaqlar, dərsliklərdəki tədris vahidləri və mövzular üzrə tapşırıq nümunələrindən ibarət qiymətləndirmə materiallarının hazırlanmasıdır.

Tədris prosesində hər bir dərsə uyğun olaraq göstərilən materiallardan istifadə edilə bilər. Belə ki, vizuallaşdırılmış dərsə baxıb, tədris vahidləri və mövzular üzrə tapşırıq nümunələrini yerinə yetirməklə mövzunu tam mənimsəmək və qazanılmış biliklərin tətbiqetmə bacarıqlarını təkmilləşdirmək olar.

Məsələn, ingilis dili fənni üzrə vizuallaşdırılmış dərslər orta hesabla  2-5 dəqiqəlikdir. Bu dərslər fənn kurikulumu üzrə "Danışma”, "Oxuyub-anlama”, "Yazı” (dil qaydaları) məzmun xətləri üzrə bilik və bacarıqların yoxlanılmasına imkan verir, sözlərin tələffüzü, oxunuşu, cümlə qurmaq, söz ehtiyatını artırmaq kimi bacarıqların formalaşdırılmasına xidmət edir.



Məlumat üçün onu da bildirim ki, hazırda 5-11-ci siniflər üzrə "Azərbaycan dili”, "Ədəbiyyat”, "İngilis dili”, "Kimya”, "Fizika”, "Biologiya”, "Azərbaycan tarixi”, "Ümumi tarix”, "Coğrafiya” və "Riyaziyyat” dərsliklərinin tədris vahidləri əsasında hazırlanan tapşırıqların hamısı, qeyd edilən dərsliklərin mövzuları əsasında isə bir çox mövzular üzrə tapşırıqlar DİM-in "otk.az” saytında yerləşdirilib. Mövzular üzrə layihə yaxın vaxtlarda başa çatdırılacaq. Tədris vahidlərinə görə 5-8-ci siniflər üzrə hər variant  15, 9-11-ci siniflər üzrə 20; mövzulara görə isə 5-11-ci siniflər üzrə hər variant 10 tapşırıqdan ibarətdir. Variantlara  qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi) və cavabları kodlaşdırılan açıq (hesablama, seçim və uyğunluğu müəyyən etmək) tipli, Eyler-Venn diaqramı, klaster, tamamlama tapşırıqları daxil edilib. Hər bir şəxs istənilən vaxtda sayta daxil olaraq müvafiq fənnin sinif dərslikləri üzrə həm tədris vahidləri, həm də mövzulara görə bilik və bacarıqlarını yoxlayıb qiymətləndirmə apara bilər.

Dövlət İmtahan Mərkəzinin çoxsaylı fəaliyyət istiqamətlərindən birini də imtahanlara müstəqil hazırlaşmağa kömək üçün metodiki materialların nəşr edilməsi təşkil edir. Bu materiallar, əsas etibarı ilə, sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları  kitabçaları və dərs vəsaitlərindən ibarətdir. Artıq fənn kurikulumları əsasında  Azərbaycan və rus dillərində 112 qiymətləndirmə tapşırıqları kitabçası və "Azərbaycan dili”, "Riyaziyyat”, "Kimya”, "Fizika”, "Coğrafiya”, "Tarix”, "Ədəbiyyat”, "Rus dili”, "Literatura”, "İngilis dili”, "Alman dili”, "Fransız dili” vəsaitləri, "İngilis dili lüğəti”, "Azərbaycan dilinin orfoqrafiya lüğəti” və "Coğrafiyadan terminlər” hazırlanıb. Vəsaitlərin çoxu nəşr  edilib, bir qismi çap mərhələsindədir.

Bu vəsaitlər orta məktəb dərslikləri üzrə qazanılmış bilik və bacarıqları sistemləşdirir, tamamlayır. Bilik və bacarıqların möhkəmləndirilməsi üçün əhəmiyyətli rol oynayır. Vəsaitlər abituriyentlərə öz üzərində müstəqil çalışmaq imkanı verir. Çünki burada nəzəri materialla bərabər, həm də məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini tələb edən, fənn kurikulumları üzrə təlim nəticələrinə uyğun bacarıqların yoxlanılmasına imkan verən tapşırıqların izahlı şərhi verilib.

Siniflər üzrə qiymətləndirmə kitabçalarındakı tapşırıq variantları ilə buraxılış və qəbul imtahanlarına müstəqil hazırlaşmaq, orta təhsil müəssisələrində məktəbdaxili, yəni  diaqnostik, formativ və summativ qiymətləndirmə aparmaq mümkündür.

Təqdim olunan yeni layihələrdən biri də 1-4-cü sinif dərslikləri əsasında fənn kurikulumlarına uyğun olaraq Azərbaycan dili, rus dili və riyaziyyat (Azərbaycan və rus bölmələri üzrə) fənlərindən qiymətləndirmə tapşırıqları kitabçalarının hazırlanmasıdır.  Yaxın vaxtlarda 1-3-cü siniflərin hər biri  üçün müvafiq dil və riyaziyyat fənləri üzrə tapşırıqlar bir kitabçada, 4-cü sinif üçün isə hər bir fənn üzrə tapşırıqlar ayrıca kitabçalarda olmaqla çapdan çıxacaq.

Qeyd etmək lazımdır ki, bu vəsaitlərin hər biri müvafiq fənn kurikulumlarının məzmun xətləri üzrə alt standartların təlim nəticələrinə uyğun bilik və bacarıqların formalaşma səviyyəsini yoxlamağa və qiymətləndirməyə imkan verir.



-Layihələrin təşkil olunmasında beynəlxalq təcrübədən nə dərəcə istifadə olunur? Prosesə beynəlxalq ekspertlər dəvət olunurmu?

-DİM-də həyata keçirilən bütün bu işlər beynəlxalq standartlara tam uyğundur. Bu günlərdə Mərkəzdə olan beynəlxalq ekspertlər də bunu təsdiq ediblər. DİM-in təşkilatçılığı ilə Bakı şəhərində ikinci dəfə olaraq (birinci dəfə 2007-ci ildə) 22-27 sentyabrda  Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (İAEA) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransı keçirilib. Konfransın təşkilinin ikinci dəfə DİM-ə həvalə olunması təsadüfi deyil. Bu,  dünyada  ən nüfuzlu təşkilatın təhsildə bilik və bacarıqların  qiymətləndirilməsi sahəsində DİM-in apardığı işləri yüksək dəyərləndirməsi ilə əlaqədardır.

Sonda mən respublikanın pedaqoji ictimaiyyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, üzümü müəllimlərə tutaraq  onları elmi-metodiki seminarlarda yaxından  iştiraka dəvət edirəm.

Seminarların keçiriləcəyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı (407).

  



Загрузка...
Həmçinin oxuyun:
DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları  üzə çıxardı

DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları üzə çıxardı

Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Yeni təhsil proqramları - kurikulumlar əsasında vəsaitlər hazırlanır

Yeni təhsil proqramları - kurikulumlar əsasında vəsaitlər hazırlanır

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

Müəllimlərin nəzərinə! - Hazırlıq kursları başa çatdı

Müəllimlərin nəzərinə! - Hazırlıq kursları başa çatdı

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

“Abituriyent” jurnalının xüsusi buraxılışı- 9-cular oxusun

“Abituriyent” jurnalının xüsusi buraxılışı- 9-cular oxusun

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

IX sinfi əvvəlki illərdə bitirənlərin kolleclərə qəbul qaydaları -RƏSMİ

IX sinfi əvvəlki illərdə bitirənlərin kolleclərə qəbul qaydaları -RƏSMİ

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin