Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası -Əcnəbi şagirdlər paytaxt məktəblərində...
Azərbaycanlı məktəblilər xarici ölkələrdə təhsil aldığı kimi, əcnəbi şagirdlər də ölkəmizin ümumtəhsil məktəblərində oxuyurlar. Bu, son illərdə həyata keçirilən mütərəqqi islahatlar sayəsində Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının parlaq nümunələrindəndir.
Aztəhsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, əcnəbi şagirdlər Mədəniyyətlərarası Mübadilə Proqramları çərçivəsində paytaxt məktəblərində təhsillərini davam etdirirlər. Eyni zamanda, onlar maraqlarına uyğun olaraq, məktəb daxilində könüllü əsaslarla rəqs, rəsm dərnəklərinə cəlb edilir, yeni dostlar qazanırlar. Həmçinin şagirdlər Azərbaycan mədəniyyətini tədqiq edir, xüsusilə Azərbaycan dilini, milli rəqsləri sevərək öyrənirlər.
Mədəniyyətlərarası Mübadilə Proqramları çərçivəsində Viki Leoni Sofiya 82 nömrəli tam orta məktəbdə, Volf Kristina 252 nömrəli məktəb-liseydə, Çuda Zuzana isə 160 nömrəli Klassik Gimnaziyada təhsillərini davam etdirirlər.