
Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...
Azərbaycanda dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur.
Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, qanuna 15-1-ci (Dövlət qulluqçusunun şəxsi işi) və 15-2-ci (Dövlət qulluqçusunun xidməti vəsiqəsi) maddələri əlavə edilir.
15-1-ci maddəyə əsasən, dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
Dövlət qulluqçusunun şəxsi işinə nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Şəxsi işin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 15-2-ci maddəyə əsasən isə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir. Vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.