Milli Məclisin iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.
Aztehil.com apa-ya istinadən xəbər verir ki, layihə barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. O deyib ki, üçüncü oxunuş ikinci oxunuşdan fərqli olaraq, redaktə xarakterlidir: "Şəhid ailələri ilə bağlı redaktə xarakterli düzəlişlər edərək təklifləri nəzərə aldıq. Bundan başqa, təhsil müəssisələrinin rəhbərlərinin təyinatında 5 illik təcrübə sözündən "5 il” sözünü çıxardıq, "kifayət qədər təcrübə” sözünü saxladıq və sair”.
Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Layihə hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib, onlardan rəy alınıb. Layihədə məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, uşaqyönümlülük, inkişafyönümlülük, tələbyönümlülük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyənləşdirilir. Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
İsa Həbibbəyli bildirib ki, yaxın gələcəkdə Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək: "Artıq dövlət başçısının tapşırığı ilə regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır. Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problem yaradacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da həmin sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur”.
Sənəddə qeyd olunur ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Layihə səsə qoyularaq üçüncü oxunuşda da qəbul olunub.