Alman tibb ali məktəblərinə qəbul qaydaları dəyişdirilib
Almaniya Konstitusiya Məhkəməsi, bir çoxlarının hesab etdiyi kimi, taleyüklü qərar qəbul edib.
Aztəhsil.com azərtac-a istinadən xəbər verir ki, məhkəmənin qətnaməsinə görə, alman universitetlərinin tibb fakültələrinə tələbələrin seçilməsi meyarları dəyişdirilməlidir, çünki mövcud sistem Əsas Qanunun tələblərinə tam cavab vermir. Konkret olaraq, abituriyentlərin şanslarının bərabərliyi hər zaman təmin edilmir. Söhbət gimnaziyanı bitirmək haqqında orta attestat balı – Numerus Clausus üzrə əsas meyardan, ayrı-ayrı universitetlərin tələb seçiminə dair öz meyarlarından və bu meyarlara cavab verməyən namizədlərin gözləmə müddətindən gedir.
Hazırda tibb fakültələrinə tələbə seçimi digər ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlərlə eyni qaydada aparılır. Almaniyanın ali məktəblərində qəbul imtahanları yoxdur. Gimnaziya məzunu hansı ixtisas üzrə və harada oxuyacağı ilə bağlı attestatın surəti ilə birlikdə ərizə təqdim edir. O, istədiyi altı universitetin adını yazır. Əgər onlardan birində arzu etdiyi fakültə üzrə yerlərin sayı onun keçid balına (Numerus Clausus) görə digər namizədlərdən yuxarı olarsa, o zaman abituriyent qəbul olunmuş sayılır. Lakin digər namizədin attestat balının yerlərin sayına görə daha yüksək olduğu halda ona rədd cavabı verilir.
Doğrudur, bu, onun qəbul edilməməsi anlamına gəlmir. Almaniyada tibb universitetləri tələbələrinin yalnız 20 faizi ən yaxşı orta balla seçilir. Yerlərin bir hissəsi xüsusi olaraq əcnəbi tələbələr üçün ayrılır ki, bununla təhsilin və ünsiyyətin beynəlxalq, kosmopolitik xarakteri təmin edilir. Digər yerlər Numerus Clausus balı müsabiqədən keçmək üçün çox aşağı olan, amma mütləq həkim olmaq istəyən və bunu illərlə gözləməyə hazır olanlar üçün ayrılır.
Bundan başqa, qəbul olunanların təqribən yarısını universitetlər öz müsabiqə meyarları ilə seçir. Buna örnək olaraq, məsələn, xəstəxanada məktəb təcrübəsi, xaricdə mürəbbiyə iş stajını göstərmək olar ki, bu meyarlar abituriyentin müəyyən həyat təcrübəsi və məsuliyyətli olduğunu göstərir.
Karlsruedəki Konstitusiya məhkəməsinin qeyd etdiyi kimi, təəssüf ki, ali məktəblərin böyük bir hissəsi bu halda da müsabiqə zamanı attestat üzrə orta balı əsas götürür.
Bu isə ona gətirib çıxarıb ki, 2017-ci ildə hətta Almaniyada ən yüksək baldan da yüksək olan 1,2 Numerus Claususu olan abituriyentlərin, yəni əlaçıların da tibb fakültələrinə qəbul olunma şansı çox azdır. Digərlərinin orta attestat balı daha çox olsa da bu fakültələrə müsabiqə çox yüksəkdir: 2017-ci ildə bu rəqəm 11 min yerə 62 min nəfər olub.